“1920-ci ildə Rəsulzadənin güllələnməsi üçün artıq bütün hazırlıqlar görülmüşdü”.
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 134-cü ildönümüdür. Bu əlamətdar gün münasibətilə Yenicag.az-ın qonağı olan Milli liderin nəvəsi Rais Rəsulzadə babası ilə bağlı çox maraqlı məqamlara toxunub. (Əvvəli burada)
– Siz də müşahidə edirsiz ki, cəmiyyədə ideoloji ziddiyyətlər və millətə xidmət planında Rəsulzadə-Nərimanov müqayisəsi səngimir…
– Bunu ideoloji ziddiyyət adlandırmazdım. Yəni Nərimanov da özlüyündə bu respublika üçün nəsə etməyə çalışırdı. Ancaq o, aldandı. İndi bütün dünyada qloballaşma prosesi gedir. Rəsulzadə isə hələ o dövrdə deyirdi ki, sərhədlər tamamilə götürülsə və Yer kürəsi bütün xalqların gerçəkdən ümumi evinə çevrilsə belə, milli məsələlər hər zaman önəmlidir. Yəni qloballaşma əslində, milli mədəniyyətləri üzə çıxararaq, millətlərin simasını təqdim etməyə şərait yaratmalıdır. Həqiqətən də milli məsələlər olmayan yerdə inkişafdan danışmaq mümkün deyil. Burada əlbəttə, milli irslə millətçilik qarışdırılmamalıdır.
Mən heç yerdə göstərilməyən, dərc olunmayan bir fotoşəkil görmüşəm. O şəkli mənə universitetdə dərs deyən Toğrul müəllim göstərmişdi. Toğrul müəllim də həmin şəkli və başqa bir neçə dəyərli fotonu necə olmuşdusa, əldə edə bilmişdi. Dediyim şəkildə Nərimanov şəstlə kresloda əyləşib, iki rus əsgəri isə o kreslonu çiyinlərində aparır. Belə faktlar var… Düzdür, Nərimanov oğluna məktubunda öz fəaliyyətinə görə peşmanlığını gizlətmir. Ancaq hamı bilir ki, 1918-ci il mart qırğınları zamanı Nərimanov bolşevik-daşnaklarla eyni cəbhədə idi. Nərimanov özünə görə kiçik fiqur deyil, onun haqqında kəskin danışmaq istəmirəm. Lakin onun Rəsulzadə ilə müqayisə olunmasını doğru saymıram…
– Onları nəinki müqayisə etmək, heç yanaşı qoymaq da olmur…
– Rəsulzadə həbs edildikdən sonra onunla görüşən Stalin demişdi ki, Siz mənim çarizmə qarşı köhnə mübarizə yoldaşımsız, Vətən qarşısındakı xidmətlərinizi heç vaxt unutmaram. Daha sonra isə Rəsulzadəyə xəbərdarlıq etmişdi ki, əgər Bakıda qalsaz, özünüzkülər Sizi mütləq güllələyəcəklər. Biz kim olduğumuzu dərk edirik və Sizi xaricə buraxmayacağıq, mənimlə Moskvaya gedəcəksiz.
– Stalin əslində, bununla Rəsulzadəyə olan can borcunu qaytarırdı…
– Bəli, bunu belə də adlandırmaq olar ki, borcunu qaytarırdı. Amma belə fikirlər də var ki, Stalin Rəsulzadəni Rusiyaya aparanda bir tərəfdən onu xilas etməyi düşünürdüsə, digər tərəfdən də onun təcrübəsindən, yüksək intellektindən faydalanmaq istəyirdi. Babam Stalinin vəzifə təkliflərindən imtina etdikdə Stalin bildirmişdi ki, cənab Rəsulzadə, siz çox qəribə insansız. Nə təklif ediriksə, “yox” cavabı verirsiz. Rəsulzadə qətiyyətlə bildirir ki, mən başqa bir dövlətin təmsilçisi olaraq, sizin ölkəyə işləyə bilmərəm. Rəsulzadə Stalinin “Əsas məqsədiniz nə idi?” sualına çəkinmədən cavab verir ki, əsas məqsədimiz sizin ölkənin işğalçılıq siyasətinə qarşı mübarizə aparmaqdır.
– Təbii ki, bu sözləri Stalin kimi adamın üzünə yalnız Rəsulzadə çırpa bilərdi…
– Hə, Rəsulzadə ilə Stalinin arasında belə müzakirələr olub və babam da çəkinmədən öz düşündüklərini hər zaman açıq surətdə deyib.
– Belə görünür ki, Rəsulzadənin taleyi Nərimanovdan asılı qalsaydı, 1920-ci il milli liderin qətl tarixi olacaqdı…
– Bəli, 1920-ci ildə Rəsulzadənin güllələnməsi üçün artıq bütün hazırlıqlar görülmüşdü. Uzağa getməyək, Nərimanovu öz vəsaiti ilə oxudan Hacı Zeynalabdin Tağıyevə bolşeviklərin münasibəti necə oldu? Onun qızı Sara xanım nə vəziyyətdə yaşadı və ömrünü hansı şəraitdə başa vurdu? Bu nümunə Nərimanovun, bolşeviklərin millət üçün böyük işlər görən şəxsiyyətlərə necə münasibət bəslədikləri haqda tam təsəvvür yaradır.
– Cümhuriyyəti quran Rəsulzadənin Bakıda bir büstü belə olmadığı halda, Cümhuriyyətin süqutunda birbaşa iştirak edən Nərimanovun nəhəng heykəli paytaxtı gözdağı kimi “bəzəyir”…
– Rəsulzadə Cümhuriyyəti quran və onun milli dövlət ideologiyasını yaradan siyasi liderdir. 1919-cu ilin mayında “Azərbaycan” qəzetində milli hökumət rəhbərliyinin və nazirlərin portretləri dərc olunub. Onun şəkli nisbətən böyük həcmdə verilib və Rəsulzadə Azərbaycan Milli Şurasının sədri kimi təqdim olunub. Rəsulzadə öz dövründə çiyin-çiyinə mübarizə apardığı yoldaşları tərəfindən lider statusunda qəbul edilirdi. İndi Rəsulzadənin fədakar fəaliyyətini millət qarşısında inkar etməklə deyil ki… Dediyiniz heykəl məsələsi də bu ziddiyyətin bir tərkib hissəsidir. Müasir Azərbaycan Respublikası rəsmən həmin Cümhuriyyətin varisidir. Bu fakt özlüyündə hər şeyi deyir.
– Rəsulzadə haqqında çox deyilib-yazılıb və bu işlər davam edir. Şəxsən sizin babanız haqqında bilib danışmadığınız hansısa məqamlar varmı?
– Bəli. Bildiklərimin hamısını danışmamışam. Həm də ki danışılası o qədər məsələlər var ki… Rəsulzadənin irsi adi bir tərcümeyi-hal materialı deyil. Burada söhbət olduqca genişmiqyaslı fəaliyyətdən, çoxtərəfli yaradıcılqdan gedir. Tək siyasi əsərlər deyil, Rəsulzadənin sırf ədəbiyyata dair tədqiqat əsərləri də var. “Azərbaycan şairi Nizami” və digər əsərləri göstərə bilərik. Adlarını sadalamaq çox çəkər, ancaq Rəsulzadənin hər bir əsəri ciddi tədqiqat tələb edir.
– Rəsulzadənin mühacirətdəki fəaliyyətinin Polşa, Rumıniya, Fransa, Almaniya mərhələləri barədə əlavə materiallar əldə olunurmu?
– Şişirtməyə yol vermədən yenə deyirəm, Rəsulzadə həqiqətən, öz dövrünün, zamanının yetirdiyi fövqəladə bir insan olub. O, ilkin mühacirət mərhələsində Sovet Rusiyası ilə yaxşı münasibətləri olan Türkiyəyə gəlmişdi və Milli Mərkəz quraraq, Azərbaycanın müstəqilliyinin bərpası uğrunda mübarizə aparırdı. Həmin vaxt Türkiyə Rusiyanın tələbi ilə Rəsulzadəni ölkədən çıxartmaq məcburiyyətində qaldı. Ruslar belə bir şərt qoymuşdular ki, Rəsulzadə ya fəaliyyətini dayandırsın, ya da ki Türkiyədən çıxarılsın. Belə olanda Rəsulzadə Rumıniyaya gedir və orada digər xalqların, o cümlədən rusların mühacirət liderləri ilə birlikdə “Prometey” təşkilatını yaradır, fəaliyyətinin güclənməsi üçün əlindən gələni edir. Təsadüfi deyil ki, başqa xalqların təmsilçiləri Rəsulzadənin nüfuzunu nəzərə alaraq, onu lider kimi qəbul edirlər. Lakin bir müddət sonra təşkilatdakı rusların imperiya ambisiyaları baş qaldırır, onların şovinist mövqeləri ciddi fikir ayrılıqlarına səbəb olur.
Bundan sonra Rəsulzadə Polşaya gedərək, yaxşı münasibəti olduğu Polşanın hərbi-siyasi lideri Pilsudski ilə əlaqə yaradır və onun yanında məsləhətçi işləyir. Polşanın Almaniya tərəfindən işğalından sonra isə bir müddət Vinnitsada qalır. Daha sonra isə Almaniyaya gedən Rəsulzadə fəaliyyətini orada da davam etdirir və qəzet nəşrinə başlayır.
II Dünya Müharibəsinin gedişində Almaniyada Bakının bombalanması planı hazırlansa da, Rəsulzadə şəxsi nüfuzundan istifadə edərək, bu niyyətin aradan qalxmasına nail olur. O zaman Almaniyanın Qafqazla bağlı siyasətinin müəyyənləşməsi üçün nüfuzlu bir şəxslə müzakirə aparılmasına ehtiyac yaranır. Almaniyanın Xarici İşlər Nazirliyinin araşdırması nəticəsində nə gürcülərdə, nə ermənilərdə elə bir şəxsin olmadığı üzə çıxır. Bu halda həmin nüfuzlu şəxs qismində məhz Rəsulzadə seçilir və onunla müzakirələrə başlanılır. Müzakirələrin gedişində Rəsulzadənin Almaniya qarşısında əsas və dəyişməz şərti Azərbaycanın müstəqilliyinin tanınması olub. Rəsulzadənin Azərbaycan Legionu əsgərləri qarşısında çıxışlarının əsas məğzi də bundan ibarət olub ki, siz yalnız və yalnız Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmalısız. Rəsulzadənin bu mövqeyi Almaniyanı razı salmır və o da ölkəni tərk edir.
– Rəsulzadənin Almaniyadakı bu fəaliyyətini nasistlərlə əməkdaşlıq kimi qiymətləndirənlər də var…
– Çox yanlış yanaşmadır. Çünki Rəsulzadənin Almaniyadakı fəaliyyətinin kökündə nasistlərlə əməkdaşlıq yox, Azərbaycanın müstəqilliyinin bərpa edilməsi məqsədi dayanıb. Bu iddialar hələ o vaxtdan sovet “KQB”si tərəfindən yayılırdı və məqsəd də Rəsulzadəni nüfuzdan salmaq idi. Bu da səbəbsiz deyildi. Müharibədən sonra SSRİ-yə gedəcək azərbaycanlı əsirləri hansı aqibətin gözlədiyini bilən Rəsulzadə bu istiqamətdə də böyük işlər görüb. O, öz nüfuzundan istifadə edərək, azərbaycanlı əsirlərin azad edilməsi və müxtəlif ölkələrə göndərilməsi ilə məşğul olub.
Məsələn, Düdənginskinin adyutantı olmuş Kərrar bəyi Argentinaya göndərib – bunu mənə onun özü danışıb. Təsəvvür edin ki, Kərrar bəy daha sonra Çinə, oradan da Azərbaycana gəlib.
– O dövrdə Rəsulzadə ilə Düdənginski arasında münasibətlərin gərgin olduğu iddia edilir…
– Yox, onların münasibətləri normal olub. Düdənginski peşəkar hərbçi idi, Rəsulzadə də məhz onun komandan olduğu hərbi birləşmənin əsgərləri qarşısında çıxış etmişdi. Onların münasibətlərinin gərginliyi haqda iddialar əsassızdır.
– Söhbətimizi nikbin səmtə yönəldək. Prezidentin sərəncamı ilə 2018-ci il Cümhuriyyət ili elan olundu. Bu addım ötən sərəncamların nəhayət, icra olunacağına ümid yaradırmı?
– Mən bu imkandan istifadə edərək, həmin sərəncama görə prezidentə minnətdarlığımı bildirirəm. Doğrudan da çox vacib və vaxtında verilmiş bir sərəncamdır. Əsas məsələ və ən çox arzuolunan budur ki, həmin sərəncamda qeyd olunmuş müddəalar yerinə yetirilsin. Hələlik deyə bilmirəm ki, bu sərəncama tam əməl olunacaq, ya yox… O sərəncamda qoyulan məsələlərin həyata keçirilməsi Nazirlər Kabinetinə tapşırılıb. Nəzərə alaq ki, bizimlə yanaşı, qonşu dövlətlər də öz müstəqilliklərinin 100 illiyini qeyd edəcəklər. Çalışmaq lazımdır ki, Azərbaycan bu məsələdə onlardan heç bir halda geri qalmasın.
A. Zeynalov
Foto: Cəmalə Əlizadə
www.yenicag.az