“Netanyahunun tezliklə hakimiyyətini itirəcəyinə əmin olmaq olmaz”.
Yenicag.az xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə ekspert Qreqori Rayko İsrail-HƏMAS münaqişəsini şərh edərkən deyib.
Onun sözlərinə görə, burada İsrailin baş naziri Benjamin Netanyahunun üzərinə böyük məsuliyyət düşür:
“O, ərəb dünyasının bir neçə ölkəsi ilə diplomatik əlaqələr qurmağa çalışdı. Onilliklər ərzində bütün müşahidəçilər Fələstin məsələsi həll edilmədən Ərəb-İsrail normallaşmasının olmayacağını söyləyirdi. Artıq hər kəsə aydın oldu ki, bu, böyük problemdir və həll edilmədən münasibətlərin normallaşması mümkünsüzdür. Fələstinə qarşı zorakılıq Səudiyyə Ərəbistanının İsraillə yaxınlaşmağa davam etməsini qeyri-mümkün etdi”.
“Netanyahunun tezliklə hakimiyyətini itirəcəyinə əmin olmaq olmaz. O, son aylarda Ali Məhkəmə ilə bağlı mövqeyinə görə reytinqini itirib. Bu reytinq itkisi onun ultra-dini müttəfiqlərinin dəstəyinə də təsir etdi. Lakin nə Benni Qantz, nə də keçmiş baş nazir Yair Lapid Netanyahunun istefası ilə bağlı çağırış etməyiblər. Onlar bilirlər ki, belə bir tələb bəyənilməyəcək. Çünki bu, HƏMAS-a dəstək kimi qiymətləndirilə bilər. Bir sözlə, Netanyahu hələ hakimiyyətdə qalacaq”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az