Netanyahu: “Suriyanın İsrail üçün ikinci Livana çevrilməsinə imkan verməyəcəyik”
İsrailin Baş naziri Benyamin Netanyahu Suriyanın cənub-qərb bölgələrində intensiv hərbi əməliyyatların aparıldığını təsdiqləyib. O, bu hücumların davam edib-etməməsinin Suriya hökumətinin davranışlarından asılı olacağını bildirib.
Yenicag.az xəbər verir ki, bu barədə İsrail Baş Nazirinin Ofisindən yayılan açıqlamada məlumat verilib. Bildirilib ki, Netanyahu bu bəyanatla maliyyə naziri Bezalel Smotriçlə birlikdə ultra-pravoslav yəhudilərdən ibarət İsrail ordusu birliyinə səfəri zamanı çıxış edib.
Netanyahu bildirib ki, İsrail Suriyanın demilitarizasiyasına yönəlik aktiv fəaliyyət göstərir və regionda təhlükəsizlik balansının pozulmasına imkan vermək niyyətində deyil:
“Suriyanın İsrail üçün ikinci Livana çevrilməsinə imkan verməyəcəyik. Bu, bizim strateji hədəfimizdir. Eyni zamanda, bölgədə yaşayan druz əhalisinin təhlükəsizliyi də bizim üçün prioritet məsələdir”.
İsrailin hökumət başçısı Suriyanın cənub bölgələrində baş verən gərginliyin fonunda Suriya rejiminə birbaşa xəbərdarlıq edib:
“Ümid edirəm ki, daha irəli getməyə ehtiyac qalmaz. Bu, böyük ölçüdə Dəməşqin atacağı addımlardan asılı olacaq.”
Xatırladaq ki, Suriyanın cənubunda yerləşən Suveyda bölgəsində druz qəbilələri ilə ərəb bədəvi tayfaları arasında qarşıdurmalar baş verib. Gərginliyin artması fonunda Suriya ordusu bölgəyə daxil olub. İsrail isə cavab olaraq həmin ərazilərə hava zərbələri endirib.
Göycə Göycəyev