Netanyahu üçün sonun başlanğıcı? – İsrail ABŞ-ın dəstəyini itirir
“Netanyahu artıq Yaxın Şərqdə təkbaşınadır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib.
Politoloq İsrailin Trampın dəstəyini itirmək təhlükəsi ilə üz-üzə olduğunu və İranla mümkün müharibədə tək qala biləcəyini iddia edib:
“Müşahidələr onu göstərir ki, ABŞ İranla sülhün əldə olunmasına xüsusi önəm verir. ABŞ Senatında Trampın hərbi əməliyyatlarla bağlı səlahiyyətləri məhdudlaşdırılıb. Tramp administrasiyasına müvafiq icazə verilməyənə qədər hərbi əməliyyatlar aparıla bilməz. Hazırda Trampın əsas hədəfi razılaşmanın əldə olunmasıdır. Yalnız bu halda o, savaş bataqlığından daha az itki ilə çıxmaq şansı qazana bilər. Bu alternativ İsrailə sərf etmədiyi üçün Təl-Əviv iki ölkə arasındakı danışıqları pozmağa cəhd edir. Livandakı əməliyyatların da əsas hədəfi budur. Razılaşma ehtimalının yüksək olduğu bir mərhələdə İsrail-İran toqquşmalarının bərpası sülhə ziddir. Tramp hazırda İsrailə təzyiq göstərərək hücumu dayandırmağa çalışır”.
Politoloq qeyd edib ki, Netanyahu artıq Yaxın Şərqdə təkbaşınadır:
“Trampın Netanyahuya xəbərdarlığı böyük önəm daşıyır. Əgər İsrail İranla qarşıdurmada təkbaşına qalarsa, bu, onlar üçün çox riskli vəziyyət yarada bilər. Görünür, bundan sonra İsrail Yaxın Şərq savaşında Amerikanın dəstəyini itirdi. ABŞ-İsrail ziddiyyətləri dərinləşərsə, Vaşinqton İsraildən tamamilə imtina edə bilər. İsrailin hərbi potensialı isə İranla müharibədə uzun müddət davam gətirməsini çətinləşdirəcək. Hesab edirəm ki, yaxın günlərdə Təl-Əviv prinsipial qərar vermək məcburiyyətində qalacaq: ya İranla hərbi əməliyyatları ABŞ-ın dəstəyi olmadan davam etdirəcək, ya da ABŞ-İran razılaşmasına əngəl törətməkdən imtina edəcək”.
Nurlan Cəfəri













