Niderland kralının Yunanıstan tətili ölkədə narazılıq YARATDI
Niderland kral ailəsinin Yunanıstanın Spetses adasında keçirdiyi uzunmüddətli yay tətili ölkə ictimaiyyətində tənqid və müzakirələrə səbəb olub.
Yenicag.az xəbər verir ki, Niderlandın aparıcı media qurumları Kral Uilyam-Aleksandr və Kraliça Maksimanın 8 həftəyə yaxın davam edən xaricdəki istirahətini sərt şəkildə tənqid ediblər. Tənqidçilər qeyd edirlər ki, digər Avropa monarxları heç olmasa tətil müddətinin bir hissəsini öz ölkələrində keçirirlər, lakin kral ailəsi bu ənənəyə məhəl qoymur.
Hazırda kral ailəsinin ikinci iqamətgahının Yunanıstanın Egey dənizi sahilində yerləşən Spetses adasında olduğu güman edilir. Lüks istirahət məkanı kimi tanınan bu ada kral ailəsinin əsas yay sığınacağına çevrilib. Bildirilir ki, kral, kraliça və qızları artıq bir neçə həftədir adada yerləşiblər.
Qeyd edək ki, kral ailəsinin xaricdə keçirdiyi tətil ilk dəfə deyil ki, ictimai narazılıq yaradır. Xüsusilə COVID-19 pandemiyasının ikinci dalğası zamanı ölkədə ciddi məhdudiyyətlər qüvvədə olduğu bir vaxtda onların Yunanıstana istirahətə getməsi ölkədə böyük etirazla qarşılanmışdı. Hadisədən sonra kral ailəsi ictimaiyyətə videomüraciətlə üzr istəmiş və təcili şəkildə ölkəyə qayıtmaq məcburiyyətində qalmışdı.
Bundan əvvəlki səfərlərində də Spetses adasında ictimai qaydalara əməl etmədiklərinə dair görüntülər yayılmış və bu fakt ölkə daxilində yeni etiraz dalğasına səbəb olmuşdu. Hazırkı tənqidlərə baxmayaraq, kral ailəsinin bu dəfə də ictimai reaksiyaya önəm vermədiyi müşahidə olunur.