Nikahlar rekordu AŞDI: “Zerkalni” tarixin MİSTİKASI – Astroloq AÇIQLADI
Mayın 25-də, yəni 25.05.2025 tarixində Azərbaycanda qeydə alınan nikahların sayı adi günlərlə müqayisədə kəskin artıb. Həmin gün ölkə ərazisində ümumilikdə 496 nikah rəsmiləşdirilib ki, bu da rekord hədd kimi dəyərləndirilib.
Simvolik tarixlərdə nikahların sayının artması dünyada da müşahidə olunan tendensiya kimi qəbul olunur. Bəzi cütlüklər hesab edir ki, “güzgülü rəqəmlər” onlara uğur gətirəcək və nikahlarını məhz həmin gündə bağlamağa üstünlük verirlər.
Əslində, bu düşüncə nə dərəcədə doğrudur?
Yenicag.az-a açıqlama verən astroloq Firudin Qurbansoy “güzgülü rəqəmlər”in heç bir mistika ilə əlaqəli olmadığını, uğurlu, ya uğursuz olmasının düşüncə ilə əlaqəli olduğunu bildirib:
“Bəzi insanlar var ki, onların düşüncəsinə görə rəqəmlərin güzgülü variantı ona uğur gətirəcək və hansısa bir xeyir işi məhz həmin günə təyin edir. Həqiqətən də baxır ki, o gün ona uğur gətirdi. Yaxud da, əksinə, bəzi insanlar var ki, ona elə gəlir, simvolik rəqəmlər onun üçün uğursuz olacaq və həqiqətən də gözlədiyi kimi uğursuzluqla qarşılaşır. Yəni bu psixoloji məqamdır və təlqinə bağlıdır. Kim necə özünə təlqin edirsə, nəticə də o cür olur. Yaxşı düşünürsən, yaxşı, neqativ düşünürsən, pis olur. Yoxsa ki, “güzgülü rəqəmlər”in başqa heç bir mistik qüvvəsi yoxdur, inama bağlıdır. Məsələn, uzun illər insanlarda belə bir düşüncə formalaşmışdı ki, may ayında evlənənlərin taleyi “ulaya-ulaya” keçəcək. Yəni xoşbəxt olmayacaqlar, günləri ağlamaqla keçəcək. Artıq bu mif dağılmağa başlayıb. Restoran sahibləri endirim kampaniyaları elan etdi, qazanc əldə etmək üçün hamı may ayında toy etməyə başladı. Yəni insanların da düşüncəsi dəyişdi. Demək ki, bu psixoloji bir məqama bağlıdır. Əslində isə İslamla heç bir əlaqəsi yoxdur”.
Cəvahir