Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Adi vətəndaşlar üçün bu cür bəyanatların heç bir mənası yoxdur. Çünki onlar Paşinyanın bununla nə demək istədiyini tam başa düşmürlər.
Yenicag.az xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib.
“Paşinyanın üstüörtülü ifadələri Qarabağın Azərbaycana verilməsini nəzərdə tutur:
1. Almatı Bəyannaməsinin Ermənistan və Azərbaycan arasında danışıqlar üçün əsas kimi tanınması.
Belə bir əsası qəbul etmək İrəvanla Bakı arasında münasibətləri ittifaq respublikalarının sərhədləri əsasında müzakirə etmək deməkdir. Beləliklə, DQMV Azərbaycan SSR-in tərkibində idi.
2. Azərbaycanın ərazi bütövlüyünün tanınması. Bu, danışıqların əsasını təşkil edən prinsiplərdən sadəcə biridir.
Digər əsas prinsip xalqların öz müqəddəratını təyin etmək hüququ idi. Əgər sonuncu qeyd olunmursa, o zaman Bakının mövqeyi əsas götürülür, ona görə Qarabağ Azərbaycanın tərkib hissəsidir.
3. Qarabağın erməni əhalisi üçün təhlükəsizlik təminatlarının müzakirəsi.
Bir qayda olaraq, belə zəmanətlər Bakının verdiyi vədləri nəzərdə tutur. Ermənistanın mövqeyi ondan irəli gəlirdi ki, Qarabağın konkret olaraq müəyyən edilmiş statusu əsasında təminatlar mövcud ola bilər. Əgər mətndə və ya bəyanatda heç bir yerdə status qeyd edilmirsə, lakin zəmanətlər göstərilirsə, bu halda da söhbət Qarabağın Azərbaycana verilməsindən gedir.
4. Türkiyə tərəfindən münasibətlərin normallaşmasına heç bir maneə yoxdur.
Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına əsas maneə “erməni soyqırımı”nın tanınması uğrunda mübarizə deyil, ilk növbədə, Azərbaycanın şərtləri ilə həll edilməmiş Qarabağ münaqişəsi hesab olunurdu. Yalnız bundan sonra Ankara İrəvanla münasibətlərin normallaşdırılmasını müzakirə etməyə razılaşıb. Yəni, heç bir maneə yoxdursa, o zaman Ermənistan Qarabağın Azərbaycana verilməsinə razılıq verib.
5. Laçın yolunun açılması Azərbaycan və Rusiyanın səlahiyyətindədir.
Belə bir ifadə onu göstərir ki, bugünkü Ermənistanın Qarabağda və onun ətrafında baş verənlərlə heç bir əlaqəsi yoxdur. Ona görə də o, Üçtərəfli Bəyanatın pozulmasına müdaxilə etmir, bununla da Qarabağın problemlərinin Azərbaycanın işi olduğunu etiraf edir”, – o bildirib.
www.yenicag.az