Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Niyaz Niftiyev azadlığa buraxıldı - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi Bələdiyyəsinin sədri Niyaz Niftiyev, bələdiyyə sədrinin müavini olmuş Mətanət Nəsibova və Bələdiyyə vergiləri və yerli gəlirlər şöbəsinin müdiri Sahib Abışovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Yenicag.az xəbər verir ki, proses hakim Əli Məmmədovun sədrliyi ilə baş tutub.

İclasda çıxış edən dövlət ittihamçısı Niyaz Niftiyev və Sahib Abışov barəsində 2 il 6 ay müddətinə sınaq müddəti seçilməklə, Mətanət Nəsibova barəsində isə 2 il müddətinə sınaq müddəti seçilməklə şərti cəza verilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib. Vəkillər müdafiə etdiyi şəxslər barəsində bəraət hökmü çıxarılmasını istəyiblər.

Daha sonra təqsirləndirilən şəxslərə son söz verilib. Onlar özlərini təqsirli bilmədiklərini və bəraət hökmü verilməsini xahiş ediblər.

Niyaz Niftiyev son sözündə bələdiyyə sədri işləyərkən rüşvət almadığını və heç kəsə qanunsuz arayış vermədiyini bildirib.

Daha sonra müşavirəyə yollanan məhkəmə müşavirədən qayıtdıqdan sonra hökm elan edib.

Hökmə əsasən, Niyaz Niftiyev 2 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzası şərti hesab edilib və ona 2 il sınaq müddəti tətbiq edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən yalnız N.Niftiyev həbsdə idi. Digər iki şəxs barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğun rəsmi məlumatında bildirilirdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi tədbir nəticəsində Binəqədi qəsəbəsi Bələdiyyəsinin sədri Niyaz Niftiyev və həmin qurumun Bələdiyyə Gəlirlərinin və Yerli Vergilər Şöbəsinin rəisi Sahib Abışov xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə onların qəsəbə ərazisində guya meyvə-tərəvəz və digər yeyinti məhsullarının satışı ilə məşğul olduqları barədə saxta arayışlar satan zaman xidməti otaqlarında saxlanılıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülmüşdü.

Faktla bağlı başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla N.Niftiyev barəsində 18 aprel 2020-ci il tarixdə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Niyaz Niftiyevə Cinayət Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.1, 311.3.2 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan olunmuşdu.

Qeyd edək ki, N.Niftiyev uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub. O, Mətbuat Şurası İdarə Heyətinin üzvüdür, Azadinform.az saytının rəhbəri olub.

www.yenicag.az

491
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100