Nömrə bazası qalsa da, maraq ölüb: Ev telefonlarını nə gözləyir?
Azərbaycanda ev telefonlarından istifadənin kəskin şəkildə azalması müşahidə olunur. Mobil rabitə və internet əsaslı kommunikasiya vasitələrinin sürətlə yayılması sabit telefon şəbəkəsinə olan tələbatı minimuma endirib. Mütəxəssislər hesab edirlər ki, bu proses qaçılmazdır və yaxın illərdə daha da dərinləşəcək.
Mövzu barədə Yenicag.az-a açıqlamasında İKT üzrə mütəxəssis Fərhad Mirəliyev bildirib ki, ev telefonlarından kütləvi imtinanın əsas səbəbi yeni texnologiyaların geniş yayılmasıdır:
“Ev telefonları vasitəsilə əvvəllər vətəndaşların aldığı xidmətlər bu gün daha geniş və funksional formada əlçatandır. Sovet dövründən başlayaraq sabit telefonların əsas vəzifəsi rabitəni təmin etmək idi. Daha sonra, xüsusilə 2000-ci illərin əvvəllərindən etibarən internet xidmətləri də köhnə ATS-lər üzərindən təmin olunmağa başladı. Beləliklə, uzun müddət səsli rabitə, qısa müddət isə internet xidmətləri bu xətlər vasitəsilə təqdim edildi”.
Ekspertin sözlərinə görə, hazırda ev telefonları texnoloji baxımdan köhnəlib və əvvəlki funksionallığını qorusa da, müasir tələblərə cavab vermir:
“İndiki dövrdə ev telefonlarını saxlamaq və onlara xidmət göstərmək artıq rentabelli deyil. İstifadəçilər aylıq abonement haqqı ödəyir, provayderlər isə bu sahəyə investisiya yatırmalı olur. Halbuki alternativ olaraq mobil şəbəkələr və internet üzərindən təqdim olunan xidmətlər daha funksional və geniş imkanlara malikdir. Bu səbəbdən həm provayderlər, həm də vətəndaşlar tədricən bu texnologiyadan imtina edirlər”.
Fərhad Mirəliyev bu prosesi çap maşınlarının dövriyyədən çıxması ilə müqayisə edib:
“Vaxtilə idarələrdə geniş istifadə olunan çap maşınları texnoloji inkişaf nəticəsində kompüterlərlə əvəz olundu. Bu, onların sıradan çıxması ilə deyil, daha funksional alternativin yaranması ilə bağlı idi. Eyni proses bu gün ev telefonlarında da müşahidə olunur”.
Mütəxəssis bildirib ki, müasir istifadəçilər üçün artıq səsli danışıq kifayət etmir:
“İnsanlar videozənglərdən istifadə edir, səsli mesajlar göndərir və ünsiyyəti daha rahat formada qururlar. Yeni texnologiyalar həm əvvəlki xidmətləri təqdim edir, həm də əlavə imkanlar yaradır. Buna görə də ev telefonlarına maraq getdikcə azalır və bu tendensiya davam edəcək”.
Onun fikrincə, yaxın perspektivdə vətəndaşlar ev telefonlarından tamamilə şüurlu şəkildə imtina edəcəklər:
“İstifadəçilər düşünür ki, aylıq abonement haqqını artıq istifadə etmədikləri bir xidmətə ödəmək mənasızdır. Sabit telefon şəbəkəsi hələlik bəzi dövlət qurumlarında, banklarda və iri müəssisələrdə qalmaqdadır. Bu da əsasən mövcud nömrə bazasının qorunması və çağrı mərkəzləri ilə bağlıdır. Lakin zaman keçdikcə bu sahədə də tam keçid baş verəcək və sabit telefon şəbəkəsi texnoloji baxımdan tarixə çevriləcək”.
Samir Məcidov













