Növbə mədəniyyətsizliyi – Rəfi Müslümov yazır

media-hightechnic-468x90

Səhər saat 08:55. Poliklinikanın qapısı açılanda hamı bir nəfər kimi içəri daraşır. Heç kim gözləmir, heç kim bir-birinə yol vermir. Hətta bir qadın, qucağında körpəsi olan gənc bir ananı əzib keçmək istəyir. Mən isə kənarda dayanıb siqaretimin tüstüsünə qarışan bu mənzərəni izləyirəm.

media-rafi1

Bəli, bu, adicə bir poliklinikanın qapısında baş verən adi dava-dalaş deyil, əksinə, bu, illərlə qanımıza hopmuş bir vərdişin, daha doğrusu, “növbə mədəniyyətsizliyi” sindromunun təzahürüdür. İstər avtobus dayanacağında, istər metroda, istərsə də bir dövlət idarəsinin qapısında – mənzərə eynidir: hamı bir-birini itələyir, kim qabağa keçdi, kim öndə dayandı… Sanki ayaqda qalmaq ölümlə, oturmaqsa, həyatla eyniləşdirilib.

Metroda hər gün səslənən “Qatardan düşənlərə yol verin” anonsu da qulaqardına vurulur. Çünki bizdə anons, qayda, yazı və hətta yazılmamış etika belə ayaqlar altına atılır. Sözün açığı, çoxumuz “növbə gözləmək” anlayışını zəiflik, uduzmaq, geri qalmaq kimi qəbul edirik. Halbuki sivil dünyada növbə – başqasının haqqına hörmət, özünə isə ləyaqət deməkdir. İnsanların bir-birini əzə-əzə qapıya daraşdığı məkanlarda biz hələ də “həyat uğrunda mübarizə” instinktini yaşayırıq. Amma həyat bu qədər vəhşi yarış deyil.

Ən maraqlısı odur ki, hər kəs bu davranışdan narazıdır, amma hamı da eyni şeyi edir. Yəni biz başqasını tənqid edərkən özümüz də həmin xaosun bir parçasına çevrilirik. Bəlkə də problemin kökü bir az da dərindədir, yəni cəmiyyətin “mən” üzərində qurulması. “Mən qabağa keçməliyəm, mən oturmalıyam, mən tez çatmalıyam” düşüncəsi kollektiv mədəniyyəti sıfırlayır. Ona görə də biz hələ də “biz” deyə bilmirik.

Əslində isə bu kiçik vərdişlər böyük mədəniyyətin ölçüsüdür. İctimai nəqliyyatda, poliklinika qapısında, market kassasında növbə saxlamağı bacarmayan insanların haqq-ədalətdən danışması bir az gülünc görünür. Əgər doğrudan da dəyişmək istəyiriksə, əvvəlcə bu “növbə mədəniyyətsizliyi” kompleksini qırmalıyıq. Çünki bəzən bir addım geri çəkilmək həm başqasına hörmətdir, həm də özümüzə. Bəlkə növbəmizi gözləyək, hə?

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa