“Azərbaycandakı seçkiləri “alternativsiz seçki” kimi təqdim etmələrinə imkan verməməliyik”.
Bu fikirləri Azərbaycanda gələn ili fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı mühüm məqamlara toxunan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.Partiya sədrinin sözlərinə görə, məhz bu ərəfədə növbədənkənar seçkilərin təyin edilməsi doğru qərar idi:
“Azərbaycana qarşı ikili standartlarla yanaşma davam edir və gizli təzyiqlər artırılır. Bu regionda təmsil olunmaq istəyən ölkələr Azərbaycana təzyiq yolunu seçirlər. Gələn il Rusiyada, Avropa İttifaqında, Türkiyədə, ABŞ-da, Fransada müxtəlif seçkilər keçiriləcək.
Azərbaycandakı növbəti seçki isə adları çəkilən ölkələrdə seçkilərin keçirilməsindən sonraya təsadüf edəcəkdi. Yəni böyük güclərin hamısı öz seçkilərini keçirdikdən sonra Azərbaycana qarşı müəyyən təzyiq mexanizmini işə sala bilərdilər.
Ona görə də, gözlənilməz olsa belə, bu, dövlətçilik baxımından doğru qərardır. Eyni zamanda, bu qərar gözlənilməz olduğundan, siyasi partiyalar üçün çətindir. Azərbaycandakı seçkiləri kölgə altına salmaq və “alternativsiz seçkilər” adlandırmaq üçün xaricdən cəhdlər edəcəkdilər. Bu üzdən Azərbaycandakı seçkiləri “alternativsiz seçki” kimi təqdim etmələrinə imkan verməməliyik.
Siyasi partiyaların borcu, vəzifəsi seçkilərdə iştirak etməkdir. Nə qədər çətin, ağır və gözlənilməz olsa da, seçkidə iştitrak etmək lazımdır. Siyasi partiyalar haqqında yeni qanun da bunu tələb edir. Qarşıdan parlament seçkilərinin gəldiyini nəzərə alsaq, bu, həmin seçkilərə bir növ bu hazırlıq prosesi sayıla bilər.
Dövlətçilik tələb edir ki, biz də əlimizi daşın altına qoyaq. Digər tərəfdən, siyasi partiyaların da öz maraqları var. Siyasi partiyaların qeydiyyata alınması üçün bölgələrə çıxmışdıq. İndi isə növbəti mərhələdir. Qərar verdik ki, seçkilərdə iştirak edək. Sənədlərimiz MSK-ya təqdim olunub. İmza vərəqələri verildi, onu da bölgələrə paylamışıq”.
Səxavət Məmməd
www.yenicag.az