Nüvə kölgəsində TOQQUŞMA: “Dünya üçün böyük fəlakət yarada bilər”
“Hindistan-Pakistan toqquşması dünya üçün böyük fəlakət yarada bilər”.
Bu sözləri Pakistan Hindistan arasındakı gərginlik və bunun böyük müharibəyə çevrilib-çevrilməyəcəyini Yenicag.az-a dəyərləndirən politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, hər iki dövlətin nüvə ölkəsi olması bu toqquşmanı dünya üçün riskli edir:
“İki ölkə arasında müharibə vəziyyəti yaranıb. Artıq irimiqyaslı olmasa da, xırda toqquşmaların olduğu deyilir. Hər iki dövlətin də nüvə silahı var. Bu dövlətlərin nüvə silahına əl atması dünya üçün böyük təhlükə yarada bilər. Sərhəd toqquşmaları beşinci dəfədir baş verir. Hər dəfə də tərəflər bir-birini nüvə silahı ilə təhdid edirlər. Dünya ictimaiyyəti müəyyən vasitəçilik səyləri ilə bunun qarşısını alırlar. Birmənalı fikir demək çətindir. Güman edirəm ki, BMT başda olmaqla, beynəlxalq təşkilatlar bu qarşıdurmanın iri müharibəyə çevrilməsinə imkan verməyəcəklər. Hindistan Pakistan toqquşması dünya üçün böyük fəlakət yarada bilər”.
Səxavət Məmməd