Obamadan Putinə cavab
 ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinin Ukrayna olayları barədə açıqlamasına münasibət bildirib.
ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinin Ukrayna olayları barədə açıqlamasına münasibət bildirib.
Martın 4-də mətbuat konfransı keçirən Putin Viktor Yanukoviçin Ukrayna prezidenti postundan kənarlaşdırılmasının qanunsuz olduğunu bildirib. O deyib ki, indi əlində heç bir hakimiyyət olmasa da, Yanukoviç hüquqi cəhətdən legitim prezidentdir: “Prezidentin vəzifədən götürülməsi üçün impiçment mexanizmi var. Bu prosesdə Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, parlament iştirak etməlidir. Həmin proseduraya əməl olunmayıb”.
“Media forum” saytının məlumatına görə, martın 4-ü jurnalistlərə açıqlama verən Obama Putinin qənaətinə belə münasibət bildirib: “Yəqin Putinin başqa tip hüquqşünasları var. Ola bilsin, başqa yozumlara üstünlük verir. Amma bununla kiminsə başına corab hörmək olmaz”.
ABŞ prezidenti Rusiyanın Ukraynadakı davranışının Moskvanın özünə ziyan gətirəcəyini vurğulayıb: “Rusiyanın qonşuluğundakı dövlətlər onun daxili işlərə bu cür müdaxiləsini görüb narahat olurlar. Bu amil çox ölkənin Rusiyadan uzaqlaşmasına gətirəcək”.
2013-cü il noyabrın 21-də Rusiyanın basqılarına dözməyən Ukrayna hökuməti Avropa Birliyi ilə assosiativ saziş imzalanmasına hazırlıq prosesini dayandırmaq qərarı verib. Bunun ardınca paytaxt Kiyevdə və ölkənin Qərb bölgələrində müxalifətin davamlı etiraz aksiyaları keçirilib. Zaman-zaman toqquşmalar olub və ümumilikdə 98 nəfər ölüb. Fevralın 22-də hakimiyyət Qərb meylli qüvvələrin əlinə keçəndən sonra isə Rusiya ölkənin cənub-şərq bölgəsində Moskvaya bağlı qüvvələri onların üstünə qaldırıb və Krım Muxtar Respublikasını hərbi qüvvə ilə işğal edib.













