Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Oğuzun iki kəndinə içməli su verildi

Oğuzun Astarxanovka və Vladimirovka kəndləri keyfiyyətli içməli su ilə təmin olunub.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Yenicag.az-a verilən məlumata görə, kəndlərə içməli suyun verilməsi münasibətilə Astarxanovka kəndində keçirilən açılış mərasimində Oğuz rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov regionlarda icra edilən kommunal infrastruktur layihələrinin əhəmiyyətindən danışıb.

“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, son illər əhalisinin sayı 630 min nəfər olan 520 kənd və qəsəbədə içməli su layihələri icra olunub. 2018-ci ildə əhalisinin sayı 61 min nəfər olan 41 yaşayış məntəqəsində yeni su təchizatı sistemləri yaradılacaq.

Oğuz rayonunun kəndlərini keyfiyyətli içməli su ilə təmin etmək üçün su mənbəyi Balaşüm-Söyüdlü magistral su kəməri seçilib. Layihə çərçivəsində kəndlərdə 20 km magistral və şəbəkə su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 34 ədəd bulaq quraşdırılıb. Yeni layihənin icrasından Astraxanovka, Vladimirovka və Qarabulaq kəndinin 2000-dək sakini faydalanacaq. Artıq Astarxanovka və Vladimirovka kəndlərinə içməli su verilib, Qarabulaq kəndinə isə suyun verilməsi iyun ayının birinci ongünlüyündə təmin olunacaq.

29 km uzunluğunda Balaşüm-Söyüdlü magistral su kəməri rayonun Xaçmaz kəndi yaxınlığındakı bulaq və çay sularından qidalanır. 2012-ci ildə icra edilmiş layihə çərçivəsində sugötürücü qurğular, ümumi tutumu 4600 kubmetr olan 11 ədəd su anbarı, magistral xətlər və paylayıcı su şəbəkələri inşa edilib. Yaradılmış infrastruktur hesabına Oğuz rayonunun Xaçmaz, Böyük Söyüdlü, Kərimli, Bayan, Bucaq, Muxas və Baş Daşağıl kəndinin 20 minədək sakininin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb.

2018-ci ildə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət investisiya layihəsi çərçivəsində Oğuz rayonu ilə yanaşı, Xızı, Ağdaş, Ucar və Masallı rayonlarının 11 kəndində içməli su layihəsi həyata keçiriləcək. Bu layihələrdən 15 min nəfər kənd sakini faydalanacaq.

www.yenicag.az

11127
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS