Ölkə referenduma GEDİR? – “Uzun zamandan bəri danışılır ki...”
“Uzun zamandan bəri danışılır ki, ölkədə referendum keçiriləcək. Edilməsi planlaşdırılan yeniliklərin ilk tətbiqi işğaldan azad edilmiş ərazilərdə başlanılıb”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Siyasi təhlilçi “Azpolitika” portalının noyabrın 12-i – Konstitusiya Günündə ümumxalq referendumunun keçirilməsi ilə bağlı paylaşdığı informasiyanı, habelə sözügedən məsələdə mövcud tələbləri şərh edib.
Analitik diqqətə çatdırıb ki, buraya Prezidentin xüsusi nümayəndəsi və iqtisadi zonaların müəyyən edilməsi halları aiddir:
“Qeyd edilirdi ki, bunlar Azərbaycanın digər ərazilərində də tətbiq ediləcək. Görünən odur ki, idarəetmənin bu formada tətbiqi özünü doğruldub ki, digər ərazilərdə də bunun tətbiqinə başlanılacaq. Regional bələdiyyələrin formalaşması və bələdiyyələrin idarəçilikdə hüquqlarının artırılması xüsusi əhəmiyyət kəsb edir. Seçkili qurum olan bələdiyyələr indiyə kimi, demək olar ki, formal fəaliyyət göstərib, müstəqil şəkildə idarəetmə sistemində yeri olmayıb. Bələdiyyələrin verdiyi qərarların əksəriyyəti yaradılmış üst qurum hesab edilən qurumlar tərəfindən məhdudlaşdırılıb, mane olunub, ləğv etdirilib, göstərişlər verilib – hansı ki, bu, yolverilməzdir”.
Onun sözlərinə görə, seçkili qurumun fəaliyyətinə kənardan hansısa qurumun müdaxiləsi qəbuledilməz bir haldır:
“Kənardan nəzarət oluna bilər, amma müdaxilə oluna bilməz. Bu, sadəcə hüquq-mühafizə orqanlarının qanun pozuntusu zamanı ola bilər ki, bu da təbii haldır. Hesab edirəm ki, ölkədə referenduma ehtiyac var. Ölkədə regional idarəçiliyi yeni qayda və prinsiplərlə qurmaq lazımdır. Regionlara bu barədə daha çox müstəqil hərəkət etmək imkanı yaradılmalıdır. Regionlar özləri özlərini maliyyələşdirməli, əldə etdiyi maliyyəni də regionun inkişafına özü xərcləməlidirlər”.
Rafi Müslümov