Ölümün qəfil yaxaladığı MƏŞHUR –Telman Adıgözəlovun ANIM GÜNÜDÜR
Bir dəfə müsahibə zamanı ona sual vermişdim ki, özünüzü naxışlı, yəni şanslı aktyor sayırsınızmı? Yarızarafat-yarıgerçək cavab vermişdi ki, çoxlu naxışlı köynəklərim var… Əslində, sətiraltı dediyi bu yumorlu ifadənin altında çox mətləblər gizlənirdi. Məşhur aktyor olsa da, problemlərin içində daim itib-batırdı. Hərçənd bunu sənət dostlarından belə gizlədirdi. Çünki insanları yormağı, öz problemləri ilə yükləməyi heç sevmirdi.
Söhbət sevilən aktyor, Xalq artisti Telman Adıgözəlovdan gedir. Bu gün onun xatirə günüdür.
“Dəli yığıncağı”, “Xurşidbanu Natəvan”, “Mahnı dağlarda qaldı”, “Maqbet”, “İblis”, “Vaqif”, “Nişanlı qız”, “Mənim sevimli dəlim”, “Hələ “sevirəm” deməmişdilər”… 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor teatr səhnəsində bir-birindən maraqlı, yaddaqalan obrazlara həyat verib. Eyni zamanda, filmlərə çəkilib. Hələ neçə-neçə obrazlara da həyat verəcəkdi, amma vaxtsız əcəl qəfil onu yaxalamasaydı. Toydan gələn aktyor yatmağa hazırlaşır, lakin əbədi yuxuya dalır.
Tamaşaçı sarıdan bəxti gətirən aktyorlardan idi. Çünki sevənlərinin sayı həddən artıq çox idi. Elə bu gün də sevilir, ona görə ki, onun haqqında keçmiş zaman şəkilçisində danışmaq mümkün deyil.
Hər dəfə doğum günlərində gözü dolurdu. Çünki kövrək insan idi. Hər kəsin üzünə gülüş qonduran aktyor həyatda göz dolusu gülə bilmədi…
Bu gün yaratdığı obrazları ilə tamaşaçı ürəyinə köçüb. Yaradıcı insanlar üçün ölüm anlayışı fərqdir. Aktyorlar iki həyat yaşayır: fiziki ömrü və bu ömrü başa vurandan sonra yaradıcılıq ömrü. Bu gün Telman Adıgözəlov yaradıcılıq ömrünü davam etdirən böyük aktyorlardandır.
Cəvahir