!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ömürdən Göylərə, Kitabdan Tanrıya – Anar Yusifoğlu yazdı

!Reklam – Yazi

anaryusfigodododhggBir əlçim buluddu,
Bir ömür umuddu…

Sabir Rüstəmxanlı adı gələn kimi ilk oğurluğum yadıma düşür. Müəllimlərimdən eşitmişdim ki, bu, bağışlanası oğurluqdu. Ancaq nə qədər “bağışlanası” olsa da, əxlaqdan və qandan gələn tabunu hələm-hələm pozmaq olmur – ilk cəhd isə həmişə keçilməz kimi görünür.

Məni bu səddi aşmağa və ilk oğurluğa Sabir Rüstəmxanlı vadar etdi. “Ömür kitabı”nı oxumağı o qədər arzulayırdım ki, nə yolla olursa-olsun, onu əldə etmək istəyirdim. Və kitabın növbəti tirajı rayona gələndə kitabxanadan “Ömür kitabı”nın bir nüsxəsini çırpışdırdım.

Ancaq deyim ki, kitab oğurluğum təkcə oxumaq arzumla bağlı deyildi. Məsələ həm də ondaydı ki, Sabir Rüstəmxanlı bu kiçik, hamının yadından çıxartdığı, Vətən içində qərib olan Yardımlının mayakıydı; bizim nəslin qürur yeri, istinad nöqtəsi, söykənəcəyi idi.

Məndəsə münasibət bir qədər fərqlənirdi: qardaşımla dostluğu, ailəvi yaxınlığı barmaqla göstərilməyim üçün çoxsaylı səbəblərin içərisində ilk yerlərdən birini tuturdu. “Ömür kitabı”nı əldə etmək xüsusi imtiyaz demək idi, adamlar evində bu kitabın olması və ya onu oxumaları ilə fəxr edirdilər, qızlara ocaqları qayım-qədim olması alqışıyla bu kitab cehiz qoşulurdu. Evində “Ömür kitabı” olan kişinin bir ayrı statusu vardı – hələ onu oxuyanın, ondan sitatlar gətirənin demirəm. Mümkündümü ki, Sabir Rüstəmxanlının yaxın dostunun qardaşında bu kitab olmasın?

Oğurladım da, yaşıdlarım arasında ilk olaraq oxudum da. Amma istədiyim kimi öyünə bilmədim. Bu kitab öyünmək üçün deyildi – anlamaq üçün, dərk etmək üçün, kimliyini bilmək üçün həyat vəsiqəsiydi.

Kitab düşüncəmin, baxışımın dəyişməsində rol oynadı. Ömür yolu bir taledi – iradəmizdən kənar yazılan tale. Amma “Ömür kitabı” mənsiz yazılan ömür yolumu nişan verən ilk hadisə oldu.

Yanımızda, bir addımlığımızdakı əl atsaq yetəsi içimizdən keçib bədənimizi bölən sərhəd dirəkləri bir anda qalxdı, diri, canlı və bütöv düşünməyə başladıq, Vətən anlamı genişləndi, Vətən sevgisi böyüdü…

***

Ruhumuz sərhədsiz olduğu üçün,
Payımız gəlibdi göydən beləcə…

Belə düşünənlər də az deyil ki, istedad onun doğulduğu məkanın sərhədləri, hüdudları ilə məhdudlaşır. Bu fikri tam olaraq qəbul etməsəm də, bu düşüncədə olan sosioloqların, psixoloqların arqumentləri, əsaslandırmaları, misallarına etiraz etmək də çətindir.

Sabir Rüstəmxanlının şair istedadı təkcə Azərbaycanın sərhədləri daxilində deyil. Bu narahat adam Altaylardan Misirə, Tanrı dağından Balkanlara qədər böyük bir ərazinin ruh daşıyıcısıdır. Və mənə elə gəlir ki, bu ruhun daşıyıcıları Altaydan Anadoluya ən hündür zirvələrdə Anarın arzusuyla tonqal çatıb yurdu yağmadan qorumağa çalışırlar: Çingiz Aytmatov, Oljas Süleymenov, Sabir Rüstəmxanlı, Hüseyn Adsız…

”Ömür kitabı” bütöv və böyük Azərbaycanın prozasıdısa, “Göy Tanrı” torpağın yaddaşında yaşatdığı izimizin sözlə çəkilən xəritəsidi.

Bu xəritə – indiki çoxçalarlı rənglərlə dünyanın belinə kəmər kimi dolanan torpaqları, yurd yerlərimizi bircə rəngdə görməyə kifayət edir. Çünki müəllif qələmin ucuyla qaşıyıb günün saraltdığı, dövrün bozartdığı, qanın qızartdığı bu rənglərin əsl çalarını bizə göstərməyi bacarıb.

Bu iki kitab arasında Sabir Rüstəmxanlının ruhunun əhatəsi də, şair ömrünün yaşam yükü də cəmləşib – Ömürdən Göylərə, Kitabdan Tanrıya.

***

Sağ ol, Ana dilim…
Var ol, Sabir müəllim

Sabir Rüstəmxanlı bir tribun şairidir – Vətəni qoruyan əsgərlər onun kürsüdən yüksələn səsiylə mübariz ola və Mübariz ola bilərlər;

Sabir Rüstəmxanlı bir sevgi şairidir – içində sevgi və eşq yaşadanlar bir küncə çəkilib xısın-xısın onunla dərdləşə bilərlər;

Sabir Rüstəmxanlı bir həyat şairidir – yaşam reallığının gərginliyinə düşənlər onunla məsləhətləşib təskinlik tapa bilərlər;

Sabir Rüstəmxanlı ruhani şairdi – özünü dərk etmək istəyənlər ondan nəsihət ala bilərlər…

Sabir Rüstəmxanlı Ana dilimizdir, Qan yaddaşımızdır, Qəm sirdaşımız, Yol yoldaşımızdır.
Nə qədər ki dilimiz, yaddaşımız, yolumuz, təkliyimiz var, Sabir Rüstəmxanlı hər zaman dilimizdə, yaddaşımızda, yolumuzda, tənhalığımızda olacaq.

Var olun, Sabir müəllim, ad gününüz mübarək!

www.yenicag.az

731
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv