“Onlara qarşı birgə fəaliyyətimizi qurmalıyıq”
Dünya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə “Güney Azərbaycanda erməni vəhşiliyi” adlı tədbir keçirilib.
Yenicag.az azadinform-a istinadən xəbər verir ki, tədbirdə DAK-ın sabiq sədri Cavad Derəxti, Konqresin fəxri sədri Qulamrza Səbri Təbrizi, professor Paşa Qəlbinur və digər qonaqlar iştirak ediblər.
DAK sədri ermənilər tərəfindən Güney Azərbaycanda törədilən soyqırımı siyasətindən danışaraq qeyd edib ki, Güney Azərbaycan türkləri soyqırımına yalnız 1924-cü ildə farslar tərəfindən məruz qalmayıb: “1915-ci ildə erməni qaniçənləri Güney Azərbaycanda qırğınlar törətmiş və bu siyasəti 31 mart 1918-ci ildə xarici güclərin dəstəyi ilə Quzey Azərbaycanda davam etdirmişdilər. Bu gün rəqəmlərə nəzər yetirsək görərik ki, soyqırımına məruz qalan Azərbaycan türklərinin sayı 300 min nəfərdən çox olub. Biz güneyli, quzeyli bütün azərbaycanlılar erməni qəsbkarlarının törətdikləri cinayətlərini dünya ictimaiyyətinə çatdırmaqda, onları ifşa etməkdə birlikdə olmalı, onlara qarşı birgə fəaliyyətimizi qurmalıyıq”.
Daha sonra çıxış edənlər türk dünyasını birgə olmağa, dialoqa çağırıblar. Qeyd olunub ki, Azərbaycana qarşı düşmən münasibəti bəsləyən hər bir qüvvəyə qarşı birgə mübarizə sərgilənməli, çoxsaylı tədbirlər keçirilməli və türk dünyasının birliyini, vahidliyini qoruyub-saxlamaqla yanaşı, inkişaf etməsinə də səylə çalışılmalıdır.