“Onlara torpaq sahəsi ayrılsın və evlər tikilsin”
“2014-cü ilin dövlət büdcəsi çox uğurla icra olunub. Qarşıya qoyulan bütün tapşırıqlar yerinə yetirilib. Xüsusilə sosial yönümlü layihələrdə hər hansı gecikmələr olmayıb”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Azay Quliyev “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib. O bildirib ki, Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərin azalması tendensiyası baş verir: “Bu, Ümumi Daxili Məhsulda da özünü göstərir. Digər mühüm məqamlardan biri odur ki, 2014-cü ildə dövlət büdcəsinə təxminən 1.5 milyard manat qənaət olub”.
Azay Quliyev deputat həmkarı Fazil Mustafanın Türkiyədə yüzlərlə azərbaycanlı ailənin təhsili ilə bağlı qaldırdığı məsələyə də münasibət bildirib: “Hesab edirəm ki, bu Azərbaycan hökuməti Türkiyədə yaşayan azərbaycanlıları təhsili məsələsinə xüsusi diqqət ayırmalıdır. Ayrılan vəsait onlara kifayət etmədiyindən dövlət buna müdaxilə etməlidir”.
Azay Quliyev deputat seçildiyi Şirvan şəhərindəki problemlərdən də söz açıb. O, deyib ki, Şirvanda bir qrup sosial cəhətdən həssas əhali ciddi mənzil problemi ilə qarşılaşıb: “Şirvan sənaye şəhəridir. Lakin orada olan bir sıra ailə yataqxanada məskunlaşıb. Yaxşı olardı ki, onlara torpaq sahəsi ayrılsın və evlər tikilsin. Təklif edirəm ki, hökumətin sənaye şəhərləri ilə xüsusi yanaşması olsun. Büdcədən ayrılan vəsait hesabına sosial evlər tikilə bilər. Bu evlər hökumətin nəzarətində olan qurumlara həvalə edilməklə evsiz insanlara verilə bilər. Şirvan çox az şəhərlərdəndir ki, mərkəzi büdcədən dotasiya almır. Buna görə də heç olmasa, Şirvan şəhərinin həssas problemlərinin həllinə diqqət ayırılmalıdır”.