!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oqtay Əsədov Latviyaya səfər edib

!Reklam – Yazi

Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyəti Latviyaya səfər edib.

Latviya Seymində iki ölkənin parlament rəhbərlərinin başçılıq etdikləri nümayəndə heyətlərinin görüşü keçirilib. Latviya Seyminin spikeri İnara Murniyetse bildirib ki, Azərbaycan xüsusən iqtisadi sahədə Latviyanın mühüm tərəfdaşıdır. Onun sözlərinə görə, Latviya ikitərəfli ticari-iqtisadi əlaqələrin daha da möhkəmlənməsində, turizm və inşaat sahələrində əməkdaşlığın inkişafında maraqlıdır.

Seymin spikeri əlavə edib ki, Latviyada Azərbaycan prezidenti İlham Əliyevin Riqaya səfərini gözləyir və bu səfər ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.

İnara Murniyetse Azərbaycan diasporunun Latviyanın ictimai-siyasi həyatında, xüsusən iqtisadi sahədə səmərəli fəaliyyətini də qeyd edib.

Latviya Seyminin spikeri Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusuna toxunaraq vurğulayıb ki, Latviya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. İ. Murniyetse bu münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində tənzimlənəcəyinə əmin olduğunu bildirib.

Oqtay Əsədov ölkələrimiz arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edərək vurğulayıb ki, Azərbaycan və Latviya dost və tərəfdaş ölkələrdir.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu il Azərbaycan-Latviya ikitərəfli münasibətlərində xüsusi əhəmiyyət kəsb edir, çünki iki ölkə arasında diplomatik münasibətlər yaradılmasının 25-illiyi qeyd edilir. O.Əsədov qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra bizim əlaqələrimiz yeni inkişaf mərhələsinə daxil olub, bu günə qədər iki ölkə arasında 34 sənəd imzalanıb, daha 8 sənəd müzakirə prosesindədir.

Söhbətin gedişində ölkələrimiz arasında əlaqələrin gələcək inkişafı, bu əlaqələrin inkişafına qanunverici orqanların töhfəsi və qarşılıqlı maraq doğuran başqa məsələlərlə bağlı müzakirələr aparılıb. Qeyd edilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanmış sənədlər əlaqələrimizin daha da genişlənməsinə təkan verir.

Oqtay Əsədov vurğulayıb ki, Azərbaycanla Latviya arasında ikitərəfli iqtisadi əlaqələri siyasi əməkdaşlıq səviyyəsinə çatdırmaq lazımdır. O qeyd edib ki, 2016-cı ildə ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi təxminən 9 milyon dollara bərabər olub.

Bu gün Azərbaycanın energetika sahəsində Avropanın etibarlı tərəfdaşına çevrildiyini qeyd edən Oqtay Əsədov Azərbaycanın enerji potensialını diqqətə çatdıraraq, ölkəmizdə qazanılmış uğurlardan və reallaşdırılan infrastruktur layihələrindən danışıb.

Oqtay Əsədov Azərbaycan və Latviya parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının işini yüksək qiymətləndirib.

Azərbaycan Parlamentinin sədri Milli Məclisin GUAM PA çərçivəsində Baltika Məclisi ilə sıx əməkdaşlığını qeyd edib. O vurğulayıb ki, bu əməkdaşlıq Azərbaycan və Latviya parlamentləri arasında əlaqələrin daha da möhkəmlənməsinə imkan yaradır.

Spiker Xocalı soyqırımı haqqında bəyanatın Latviya Seyminin 100 deputatından 53-ü tərəfindən qəbul edilməsinə görə Latviya parlamentinə təşəkkür edərək xatırladıb ki, həmin bəyanatda Azərbaycan xalqı ilə həmrəylik ifadə edilib, bu qeyri-insani cinayət pislənilib.

Görüşdə parlamentlərarası əlaqələrin indiki səviyyəsi və inkişaf perspektivləri haqqında fikir mübadiləsi olub. Qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsinin, dostluq qruplarının fəaliyyətini daha da gücləndirməyin vacibliyi vurğulanıb.

Görüşdə Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev, Latviya ilə parlamentlərarası dostluq qrupunun rəhbəri Kamran Bayramov, deputatlar Rövşən Rzayev, Ülviyyə Abdullayeva və nümayəndə heyətinin başqa üzvləri iştirak ediblər.(APA)

Yenicag.az

www.yenicag.az

610
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv