Oturaq həyat tərzi ürək üçün ən təhlükəli hesab olunur.
Yenicag.az xəbər verir ki, beynəlxalq alimlər qrupu gün ərzində fəaliyyətin ürək sağlamlığına necə təsir etdiyini qiymətləndirib. Onlar altı ayrı araşdırmanın məlumatlarını təhlil ediblər.
Ürək-damar xəstəlikləri bütün dünyada ölümün əsas səbəbidir. 2021-ci ildə hər üçüncü ölüm (20,5 milyon) onlarla əlaqəli olub.
1997-ci ildən bəri bütün dünyada ürək-damar xəstəliyi diaqnozu qoyulan insanların sayı iki dəfə artıb. Gələcəkdə artımın davam edəcəyi proqnozlaşdırılır.
Yeni elmi işin müəllifləri beş ölkədən 15 246 nəfərin məlumatlarını öyrəniblər. Hər bir iştirakçı 24 saat ərzində onların fəaliyyət səviyyəsini və ürək vəziyyətini izləyən sensor taxıb.
Nəticələr göstərib ki, orta-güclü fəaliyyət ən faydalıdır. Yüngül fəaliyyət, ayaq üstə durmaq və yatmaq daha az təsir göstərir. Oturaq həyat tərzi mənfi təsir göstərib.
Bununla belə, oturaq həyat tərzini cəmi beş dəqiqəlik orta dərəcədə güclü fəaliyyətlə əvəz etmək ürək sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
Beləliklə, BKİ (bədən kütləsi indeksi) 26,5 olan 54 yaşlı qadın üçün yarım saatlıq fəaliyyət BKİ-ni 2,4% azaltmağa kömək edib.
Avropa Ürək Jurnalının məlumatına görə, gündə 30 dəqiqə orta və güclü məşq də bel ətrafını 2,5 sm (2,7%) və qlikozid hemoqlobini 1,33 mmol/mol (3,6%) azaldır.
“Müşahidə etdiyimiz ən faydalı dəyişiklik oturaq həyat tərzini orta və ya güclü fəaliyyətlə əvəz etmək idi. Bu, qaçış, sürətlə yerimək və ya pilləkənlərə qalxmaq ola bilər. Əsasən, ürək döyüntünüzü artıran və hətta bir-iki dəqiqəlik nəfəs almağınızı sürətləndirən hər hansı fəaliyyət ola bilər”, – müəlliflər bildirib.
Xuraman Etibarlı
www.yenicag.az