!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Oyanış - Polad Həşimov” - Aqil Bəkir yazır

!Reklam – Yazi

İyul döyüşlərindən başlamaq istəyirəm. Döyüşlərin başladığı gün, yəni 12 iyul doğum günüm idi. Artıq bir həftə var idi ki, Qəbələdəydim. Həmin gün xəbər aldıq ki, ermənilər Tovuz rayonu istiqamətində hücuma keçiblər.

Ailəmizdə, yaxın ətrafımızda hərbçilər olduğundan, təbii ki, hər kəs maraq və intizar içində gözləməyə başladı. İlk şəhid xəbərləri gəlməyə başladığında isə bu intizar narahatlıqla əvəzləndi. Həmin gün və onun səhəri döyüşlərin səngiyəcəyini düşünsək də, (ən azından, nənəmin təsəllisi bu idi) belə olmadı.

14 iyulda isə Azərbaycan və onun bir parçası olan Qəbələ igid Generalını itirdi. Polad Həşimovunu. Bununla da ölkədə ab-hava tamamilə, kökündən dəyişdi.

Generalın cənazəsinin Qəbələyə, doğulduğu Vəndam qəsəbəsindəki evinə gətirildiyi xəbərini hərbi jurnalist Səxavət Məmməddən aldım. Tez taksiyə oturub yollandım Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinin binasının qarşısına.

İnsanlar əllərində bayraqlarla binanın önünə toplaşmışdılar. Qəbələlilər bir saatdan da çox onun cənazəsini gözlədilər və hər keçən dəqiqə insanların sayı daha da çoxalırdı. Yalnız xidmət binasının önü deyil, rayon mərkəzindən ta Generalın evinə qədər bütün yolların insanlarla dolub-daşdığını Həşimovun cənazəsini aparan ambulansın arxası ilə gedərkən özümüz də gördük.

Yaşlısı-cavanı, hər kəs əlində bayraq küçəyə axışaraq Generalını son mənzilə yola salırdı. Çox təsirli, həm də qürurverici mənzərə idi. Polad Həşimovun cənazəsi Sumqayıta yola salındıqdan sonra dağılışan insanların acısı da bir idi, düşüncəsi də. Hər kəs təxminən eyni fikri səsləndirirdi: “General e, a kişi, general. Buna da sussaq, deməli, daha heç nə”.

Evə qayıdanda anamla nənəmi gözüyaşlı gördüm. Qapıdan həyətə girən kimi məni qucaqlayıb daha da içdən ağlamağa başladılar. Onlar orada şəhid olan oğullarımıza, igidlərimizə ağlayırdılar. Oğul itirən anaların dərdinə şərik olub, özlərini onların yerinə qoyub ağlayırdılar.

Onlar millətin acısına ağlayırdılar! Bu, anamla nənəmin timsalında millətin yeni dirilişinin göstəricisi idi!

*

İyul döyüşlərinin dayandırılması, təbii ki, insanlarda ruh düşkünlüyünün yaranmasına səbəb oldu. Açıq və aydın sezilirdi ki, artıq millət “düşmən cavab atəşi ilə susdurulub” kimi açıqlamalardan bezib, haqlı ikən bu haqqı tələb etməkdən və onu ala bilməməkdən boğaza yığılıb. Belə olan halda isə insanlarda məğlubiyyət və zəiflik düşüncələrinə bağlı aqressiya formalaşırdı.

Millət nə istəyirdi? Millət bu günü görmək istəyirdi! Zəfər istəyirdi! Düşmənin başını ilan kimi əzmək istəyirdi!

Və Azərbaycan 27 sentyabrda Zəfər yürüşünə başladı. İşğaldan azad edilən yerlərin ilk xəbəri gələndə yaşadığımız sevinc hissini bir də nə vaxtsa yaşayarıqmı, bilmirəm.

Zəfərə bağlı bu sevinc bədbin düşüncələrimizin də sınma nöqtəsi oldu. Xalq uzun illərdən sonra ilk dəfə yenidən MİLLƏT oldu. Bir yumruq kimi birləşib mübarizə apardı və aparmağa da davam edir.

Artıq analar oğullarını əbəs yerə itirmədiklərinə inanır və ürəkdən “Vətən sağ olsun!” deyirlər. Bəli, zəfər qanımıza elə qarışıb ki, bizi bu yoldan heç nə döndərə bilməz! Marşda da deyildiyi kimi, biz bu yoldan dönər olsaq, namus bizə ar olsun!

*

Yeni dirilişi Generalın şəhadəti ilə başlayan millətə ölüm yoxdur!

www.yenicag.az

1296
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv