“Özəlləşdirilən dövlət xəstəxanaları oliqarxların əlinə keçəcək” – Professordan xəbərdarlıq
Azərbaycanda dövlət xəstəxanalarının özəlləşdirilməsi prosesinə ictimai nəzarətə imkan verilmir.
Yeniçağ.Az xəbər verir ki, Nazirlər Kabinetinin ötən il oktyabrın 26-da “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişiklikdən sonra dövlətə məxsus səhiyyə obyektlərinin özəlləşdirilməsinə başlanılıb.
Məlumata görə, Nazirlər Kabinetinin məlum qərarı ilə bundan sonra publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək dövlət xəstəxanaları qismən, bələdiyyə xəstəxanaları isə əsasən, pullu xidmətə keçəcək. Dövlət səhiyyə müəssisələrinin pullu xidmətə keçməsi ilə bağlı qərarın əks-sədası səngimədən, bir sıra nüfuzlu klinikaların da özəlləşdiriləcəyi xəbəri yayıldı. Özəlləşdirilməyə çıxarılan dövlət xəstəxanaları və müəssisələrinin ilkin siyahısında Gömrük Hospitalı, Mərkəzi Dənizçilər Xəstəxanası (Kaspar) və onun nəzdindəki uşaq poliklinikası, Dəmiryol, Sutikinti xəstəxanaları, eləcə hələ tam fəaliyyətə başlamayan Sağlamlıq Mərkəzi, Respublika Uşaq Sanatoriyası və digər obyektlər yer alır. Hətta Mərkəzi Neftçilər Xəstəxanasının da özəlləşdirilməyə çıxarıldığı bildirilsə də, Səhiyyə Nazirliyi bu xəbəri təkzib etdi.
Lakin bu prosesdə əsas məqam siyahıya hansı dövlət xəstəxanalarının salınması yox, özəlləşdirmə prosesinin şəffaflığı və bu addımın əhalinin zəruri tibbi xidmətdən yararlanmaq imkanlarına mümkün təsiridir. Yolu cəmi bir dəfə də dövlət xəstəxanası və ya poliklinikasına düşən vətəndaş ölkədə pulsuz tibbi xidmətin yoxluğuna öz təcrübəsində əmin olur. Belə bir şəraitdə xəstəxanaların özəlləşdirilməsindən sonra tibbi xidmət üçün müəyyən ediləcək qiymətlərin orta statistik vətəndaşa neçəyə başa gələcəyini təxmin etmək çətin deyil. Digər tərəfdən, ölkədə özəlləşdirilmə prosesinin anatomiyasından xəbərdar olanlar bu məsələdə real və açıq rəqabət mühitinin olmadığını bilirlər. Ona görə də, dövlət səhiyyə müəssisələrinin özəlləşdirilməsi barədə dolaşan məlumatlar narahatlıq üçün ciddi əsas yaradır.
Mövzunu Yeniçağ.Az-a şərh edən professor Adil Qeybulla bildirib ki, mövcud vəziyyətdə özəlləşdirilməyə çıxarılan dövlət xəstəxanalarının artıq rəsmən məmur-oliqarxların nəzarətinə keçmək ehtimalı demək olar ki, yüzdə yüzdür. Onun fikrincə, bu proses əhalinin mütləq hissəsini təşkil edən aztəminatlı vətəndaşların tibbi xidmətlərdən istifadə imkanlarını daha da məhdudlaşdıracaq:
“Nazirlər Kabinetinin həmin qərarı açıqlananda da qeyd etmişdim ki, indiki şəraitdə dövlət səhiyyə müəssisələrinin pullu xidmətə keçmələri əhalinin sosial durumu ilə tərs mütənasibdir. Təəssüf ki, qərarın icrası bu yanaşmanın doğruluğunu təsdiqləyir. Bildiyiniz kimi, artıq bır sıra nüfuzlu dövlət xəstəxanalarının özəlləşdirilməsinə start verilib. Şəffaflıq olmadığına görə, bu prosesin necə getdiyi barədə məlumat almaq mümkün deyil. Ancaq şübhə yoxdur ki, özəlləşdiriləcək dövlət xəstəxanaları rəsmən məmur-oliqarxların nəzarətinə keçəcək.
Burada bir məqama toxunmaq istərdim. Böyük Britaniya kimi bir ölkədə fəaliyyət göstərən xəstəxanaların 95 faizi dövlətin balansındadır və əhalinin tibbi xidmətlərdən yüksək səviyyədə istifadə etməsi üçün bütün imkanlar yaradılıb. Azərbaycan səhiyyəsində özəl sektorun inkişaf etdirilməsi ilə yanaşı, dövlət səhiyyə müəssisələrinin sayının artırılmasına ehtiyac var. Ancaq gördüyümüz kimi, Azərbaycanda tam əks addımlar atılır. Diqqət edin, bizdə dövlət səhiyyə müəssisələri özəlləşəndən sonra tibbi xidmətlər üçün sərbəst qiymətlər müəyyən edəcəklər. Bu qiymətlər isə əlbəttə ki, nə adi qaydada, nə də hələ tətbiq edilməyən icbari tibbi sığortadan istifadə çərçivəsində münasib olmayacaq. Yaxın gələcəkdə isə bunu fəsadları özünü daha ciddi şəkildə göstərəcək”.
A.Zeynalov
Yeniçağ.Az