Qəza baş verdi, sürücü avtomobildə sıxılı qaldı
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şəki rayonunun İnçə kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr idarəsindən Yenicag.az-a bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəki rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes E220” markalı minik avtomobili ilə “Chevrolet Cruize” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və “Mercedes”in sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan sürücü – 2003-cü il təvəllüdlü Sevindir Yamən oğlu Abdulrəhimov xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.












