“Qərb dövlətlərinin Ermənistanla təmasları son aylarda xüsusilə intensivləşdirmələri təsadüfi deyil”.
Bu fikirləri Fransa ilə Ermənistan arasında hərbi-siyasi əməkdaşlığın genişləndirilməsinə yönəlik təmasların intensivləşməsini şərh edən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, iki ölkə rəsmilərinin müntəzəm görüşləri Fransanın Cənubi Qafqazda yerləşmək planlarının icrasına xidmət edir:
“Fransa ilə Ermənistan rəsmiləri arasında görüşlərin davamlı xarakter alması tək Parisin deyil, ümumiyyətlə, Qərbin Cənubi Qafqazda yerləşmək və möhkəmlənmək niyyətindən qaynaqlanır.
Ermənistan hökumətinin Rusiyadan uzaqlaşaraq Qərbyönümlü kurs götürməsi və buna uyğun addımlar atmağı İrəvanın strateji seçimini artıq müəyyənləşdirdiyini göstərir. 44 günlük müharibədə və bu ilin sentyabrında baş tutan antiterror əməliyyatları nəticəsində uğradığı ağır məğlubiyyət Ermənistanın seçimini daha da qətiləşdirib.
O baxımdan, Qərb dövlətlərinin Ermənistanla təmasları son aylarda xüsusilə intensivləşdirmələri təsadüfi deyil. Avropa İttifaqının iki “lokomotiv”indən biri olan Fransa da Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması üçün Ermənistanla davamlı müzakirələr aparır. Bu çərçivədə Fransanın Ermənistanı silahlandırmağa yönəlik fəaliyyəti yuxarıda vurğulanan niyyətin tərkib hissəsidir.
Lakin həm Paris, həm də İrəvan bu işbirliyini dərinləşdirməyə çalışarkən çox mühüm faktoru görməzdən gəlirlər. Bu da əlbəttə ki Rusiya amilidir. Hazırda Moskva İrəvanın “şıltaqlığına” nisbətən təmkinli yanaşsa da, bunun sona qədər belə davam edəcəyi düşünülmür. O baxımdan, Fransa ilə Ermənistanın qurduğu birgə planların gerçəkləşməsi də böyük sual altındadır”.
Nəsimi Ələsgərli
www.yenicag.az