Partiya sədrindən ŞOK İDDİA: “KQB-nin "Malış" ləqəbli agenti olub”
“KQB-nin “Malış” ləqəbli agenti idi”.
Yenicag.az xəbər verir ki, bunu “Media Türk” studiyasının qonağı olan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
O, “Ramiz Mehdiyev işi” üzrə ilə saxlanılan AXCP sədri və Milli Şura lideri Əli Kərimli ilə bağlı danışıb.
H. Hacıyev bildirib ki, Əli Kərimli KQB-nin “Malış” ləqəbli agenti olub:
“Ramizin yanına gedib-gələndə başına papağı çəkirdi. Lazımdırsa, şəkilləri çıxarıb ortaya qoysunlar. Mən faktlarla danışıram. Dediklərimin hamısı da bir-bir üzə çıxır.
Hələ 1988-ci ildən əvvəl Ramizin də erməni olduğunu bilirdim. Göyçə gölündəki pansionatı yoxlamağa gələndə ermənilər dedilər ki, bunlar bizim Razmikin — yəni Mərkəzi Komitənin şöbə müdiri, katibi olan Ramizin — adamlarıdır. “Mer dğae”, yəni “bizim ermənidir” dedilər. Bu gün onun kürəkəni də ermənidir”, – deyə o bildirib.
Xatırladaq ki, Sabail rayon Məhkəməsi xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barəsində verilmiş vəsatəti təmin edərək onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Ramiz Mehdiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1-ci (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı külli miqdarda leqallaşdırma) maddələri ilə ittiham olunur.
İstintaq versiyalarına görə, Mehdiyevin Rusiyanın xüsusi xidmət orqanları ilə gizli əlaqələr saxlaması, Azərbaycanda hakimiyyətin dəyişdirilməsi, prezident üsul-idarəsinin ləğv edilərək onun rəhbərliyi ilə 50 nəfərlik “Dövlət Şurası”nın yaradılması cəhdləri araşdırılır. Məlumatlara əsasən, Mehdiyevin həmin məxfi şurada müxalifət daxilindən, o cümlədən Əli Kərimlinin də adını hallandırdığı iddia olunur.
Hazırda Əli Kərimlinin bu proseslərlə bağlı hansı rola malik olub-olmaması və ya əlaqələrin hansı xarakter daşıdığı istintaq tərəfindən araşdırılır. Onun hansı maddələrlə ittiham ediləcəyi barədə yaxın vaxtlarda əlavə məlumatın açıqlanacağı gözlənilir.












