“Dinləmələr zamanı irəli sürülən təkliflərin nəzərə alınması və layihədə müəyyən dəyişikliklərin edilməsi də təbii qarşılanmalıdır”.
Bu fikirləri “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaktəsində partiyalar qarşısında qoyulmuş bir sıra tələblərin yumşaldılmasına münasibət bildirən Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) sədri Əsli Kazımova Yenicag.az-a açıqlamasında deyib.
Partiya sədrinin fikrincə, sözügedən layihə ətrafında davamlı müzakirələrin aparılmasında məqsəd bütün siyasi tərəflərin maraqlarını əks etdirən qanunun qəbuluna nail olmaqdır:
“Siyasi partiyalar haqqında yeni qanunun qəbulunun zəruri olması hər kəsə məlumdur. Azərbaycan öz inkişafının yeni mərhələsini yaşayır və indiki – siyasi münasibətlərin yeni mərhələyə qədəm qoyduğu bir zamanda yeni qanunvericiliyin qəbulu məsələsi həm də aktualdır.
Təbii ki, yeni qanun özündə siyasi partiyaların fəaliyyəti ilə bağlı məqamları əks etdirdiyi üçün irəli sürülən təklflər ən xırda detallara qədər müzakirə edilir. Bunun üçün də dinləmələr keçirilir. Bütün tərəflər – yeni layihənin hazırlanmasında iştirak edən dövlət strukturları, siyasi partiyalar müzakirələr əsasında daha təkmil və hərtərəfli qanunun qəbuluna nail olmağa çalışırlar.
Bu baxımdan, dinləmələr zamanı irəli sürülən təkliflərin nəzərə alınması və layihədə müəyyən dəyişikliklərin edilməsi də təbii qarşılanmalıdır. Məqsəd tam təkmil və bütün siyasi tərəflərin maraqlarını özündə ehtiva edən qanunun qəbulunu gerçəkləşdirməkdir. İnanıram ki, nəticə etibarilə belə bir qanunun qəbulu baş verəcək”.
A.Zeynalov
www.yenicag.az