Paşinyan barıtı bir az çox etdi: Rusiya ilə münasibətlərdə "xarici agent" bənzətməsinin mənası nədir?
“Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə sön görüşündəki müzakirələr münasibətlərin hamar olmadığından xəbər verirdi”.
Yenicag.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətlərin hazırda indiyədək heç vaxt olmadığı qədər yüksək səviyyədə olduğu yönündəki fikirlərinə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib.
E. Şahinoğlu Rusiya ilə münasibətlərə xələl gətirənləri xarici agent adlandırmasını şişirdilmiş açıqlama olduğunu bildirib:
“Nikol Paşinyan açıqlamasının bu hissəsinin barıtını çox edib. Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə sön görüşündəki müzakirələr münasibətlərin hamar olmadığından xəbər verirdi. Əgər Paşinyan iki ölkə arasındakı siyasi münasibətlərdəki gərginliyə rəğmən, iqtisadi münasibətlərin sabitliyinə işarə edibsə, burada da rəqəmlər geriləməni göstərir. Ötən il Rusiya və Ermənistanın ticarət dövriyyəsi 6,4 milyard dollar təşkil edib. Halbuki iki il əvvəl dövriyyə 11 milyard dollar idi. Görünür, Paşinyan “münasibətlər yüksək səviyyədədir” deməklə seçki öncəsi seçiciləri narahatlıq üçün əsas olmadığına inandırmağa çalışır. Paşinyan həm də Kremlə mesaj göndərir ki, “mən seçkidə qələbə qazacanağıma görə, münasibətləri gərginləşdirməyək”. Kremldə Ermənistan istiqamətinə Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko cavabdehdir. O isə erməni həmkarlarıyla görüşlərdən imtina edib. Ancaq orası da var ki, Kremldə Paşinyanın üstündən xətt çəksələr də, Ermənistanda parlament seçkisindən sonra, böyük ehtimalla, yenidən onunla yola davam etmək məcubiriyyətində qalacaqlar”.
Politoloq bildirib ki, Nikol Paşinyan parlamentdəki çıxışının sonrakı hissəsində müxalifəti nokauta salıb:
“Müxalifət liderlərinini bir-birləri ilə yarışaraq sülh şərtlərinə yenidən baxılmasından danışdıqlarını xatırladan Paşinyan rəqiblərinin Azərbaycanla müharibədə maraqlı olduğunu fikrini bir daha səsləndirib. Həqiqətən, “sülh şərtlərinə yenidən baxılmalıdır” nə deməkdir? İki ölkə arasında sülh sazişi paraflanıb, Azərbaycan və Ermənistan bir-birlərinin ərazi bütövlüklərini tanıyıblar. Erməni radikallar isə açıq deməsələr də, ona işarə edirlər ki, reallıqları nəzərə almayaraq mövcud şərtlər altında Azərbaycanla sülh sazişi imzalamayacaqlar, müxtəlif “tələblər” irəli sürəcəklər. Elə bu “tələblərə” görə iki ölkə arasında 26 il davam edən danışıqlar nəticə vermədi və Azərbaycan güc yolu ilə ərazi bütövlüyünü təmin etdi”.













