“Ermənistanın Baş naziri Nikol Paşinyanın Prezident İlham Əliyevlə görüşdən yayınmasının səbəbi budur ki, ona direktivlər gəlib və deyiblər ki, görüşmə”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
Siyasi təhlilçi Oksfordda “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında gözlənilən görüşün baş tutmamasının səbəblərini izah edib.
Onun sözlərinə görə, N. Paşinyanın özünə qalsa, o, Prezident İ. Əliyevlə görüşmək istəyərdi:
“Amma ona verilən tapşırıqlar bundan ibarətdir ki, qətiyyən görüşmə və görünür hansısa tələblər var ki, Paşinyanın üzərinə qoyulub və onlar Ermənistanın üstündən bu tələbləri irəli sürməyə çalışırlar”.
“Aydın məsələdir ki, Əliyev-Paşinyan görüşü keçirilsəydi, bəzi məsələlərdə razılaşdırma ola bilərdi. Lakin Paşinyanın bu görüşdən yayınması, mənə elə gəlir ki, Fransa və digər Qərb ölkələrinin tələbləri əsasında həyata keçirilən hərəkətdir. Ona görə də Paşinyan bu görüşdən yayınır və məncə, bu onun şəxsi iradəsinə hesablanan məsələ deyil”, – deyə o, əlavə edib.
“Doğrudur, Ermənistan konstitusional dəyişikliklərə gedə bilər, amma baş tutmayan görüşdə bundan da önəmli məsələlər müzakirə oluna bilərdi, amma olmadı. Deməli, bunun arxasında hansısa qüvvələr var ki, bir başa Ermənistana təzyiq etməklə Paşinyanı İlham Əliyevlə görüşdən çəkindirməyə çalışır” – deyə o fikirlərini tamamlayıb.
Rafi Müslümov
www.yenicag.az