Paşinyan İKİ OD ARASINDA – Moskva reveransı Aİ ilə münasibətləri XAOSA APARACAQ?
“Ermənistanın Baş naziri Nikol Paşinyan üzərində ciddi təzyiqlər var. Onun Moskvaya getməməsi artıq aydın şəkildə göstərir ki, əgər Qərb Ermənistana müəyyən vədlər veribsə, qarşılığında da konkret öhdəliklərin yerinə yetirilməsini tələb edir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.
Analitik Ermənistan Baş naziri Nikol Paşinyan ətrafında cərəyan edən Avropa İttifaqı və Rusiya təzyiqlərinin pərdəarxası məqamlarına toxunub.
Onun sözlərinə görə, bu öhdəliklərdən biri də Ermənistanın Rusiya ilə olan təhlükəsizlik münasibətlərinə məsafə qoyması və Rusiyanın rəhbərlik etdiyi institutlardan uzaqlaşmasıdır:
“Sözsüz ki, bu tələb hazırda davam edən Rusiya-Ukrayna müharibəsi və onun ətrafında baş verən geosiyasi qarşıdurmalar fonunda ortaya çıxır. Lakin bildiyiniz kimi, aprelin 10-da Ermənistan parlamentinin sədri Alen Simonyan açıqlama verərək Paşinyanın mayın 9-da Moskvaya səfər edəcəyini bildirdi. Bu tarixdə İkinci Dünya müharibəsinin başa çatmasının ildönümü qeyd olunur və bu səbəbdən Paşinyanın səfəri həm Ermənistan daxilində, həm də beynəlxalq ictimaiyyətdə birmənalı qarşılanmayacaq”.
S. Zahidov hesab edir ki, hətta Paşinyanın Moskva ilə münasibətləri yenidən normallaşdırmaq istədiyinə dair fikirlər də dolaşır:
“Məncə, bu iddialar müəyyən qədər həqiqəti əks etdirir. Çünki ABŞ-nin da bu mərhələdə Rusiya ilə danışıqlar masasına oturması və münasibətləri nizamlamaq istəyi Moskvanın geosiyasi çəkisini artırıb. Xüsusilə də Avropa qarşısında bəzi məsələlərdə ABŞ və Rusiyanın oxşar mövqedən çıxış etməsi müşahidə olunur. Belə bir şəraitdə Ermənistanın Rusiyadan uzaqlaşaraq Avropaya bel bağlaması olduqca risklidir. Çünki, əgər ABŞ belə Rusiya ilə paralel mövqedədirsə, indiki administrasiyanın Ermənistana əvvəlki qədər dəstək verəcəyini demək çətindir”.
Mütəxəssisin fikrincə, Paşinyan bu reallığı nəzərə alaraq, müəyyən məsələlərdə Putinin iradəsinə tabe olmağa və onu qəzəbləndirəcək addımlardan çəkinməyə məcburdur:
“Bu baxımdan, onun Moskvaya səfəri bir növ reverans, yəni yumşaldıcı jest kimi dəyərləndirilə bilər. Mən artıq bir neçə dəfə qeyd etmişdim ki, Ermənistanın xarici siyasətində Rusiya yönümlü reveranslar baş verəcəyi gözləniləndir və buna təəccüblənmək lazım deyil. Erməni rəsmilərinin də etiraf etdiyi kimi, bu səfər Ermənistan üçün vacibdir. Onlar bununla həm də İkinci Dünya müharibəsində həlak olmuş erməniləri yad edəcəklərini bildirirlər. Lakin bu addımın arxasında aydın şəkildə siyasi motivlər dayanır. Paşinyanın bu səfəri onun Putinlə münasibətləri yumşaltmaq və gərginliyi azaltmaq cəhdindən irəli gəlir”.
Rafi Müslümov