Paşinyanı Brüsselə ÇAĞIRDILAR – Erməni nazir Avropada kimə “izahat” VERƏCƏK?
Ermənistanın Baş naziri Nikol Paşinyan gözlənilmədən Brüssel və Parisə işgüzar səfər edib.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Qəzet yazır ki, o, Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Fransa Prezidenti Emmanuel Makronla görüşlər keçirib.
Erməni mənbələrinin yazdığına görə, bu səfər Paşinyanın komandasının da bir çox üzvü üçün gözlənilməz olub və səfərin detallarından yalnız az sayda məmur xəbərdar imiş.
Bildirilir ki, səfərin Brüssel mərhələsi bir neçə gün əvvəl Əbu-Dabidə keçirilən görüşlərlə bağlı əldə olunan razılaşmalar fonunda həyata keçirilib. Aİ rəsmilərinin Paşinyanı Brüsselə çağırmasının səbəbi ABŞ vasitəçiliyi ilə Zəngəzur dəhlizi üzrə mümkün razılaşmanın əldə olunması və bu prosesdə Avropanın kənarda qalması ilə bağlı narahatlıqdır.
İddialara əsasən, Avropa İttifaqı ABŞ-nin “Zəngəzur planı”nın irəliləməsinə baxmayaraq, öz mövqeyini qorumağa və regiondan Rusiyanın çıxarılması prosesini tamamlamağa çalışır. Paşinyan isə Aİ-nin inciməməsi üçün Rusiya amilinin bölgədən sıxışdırılmasına dair “öhdəlik” götürüb.
Rəsmi Brüsselin yayımladığı açıqlamada da bu mövzuya üstüörtülü toxunulub. Bildirilir ki, “tərəflər informasiya manipulyasiyası, dezinformasiya və kibertəhdidlər daxil olmaqla, bir sıra təhlükəsizlik narahatlıqlarını müzakirə ediblər. Bu kontekstdə Aİ Ermənistanın informasiya ekosisteminə dəstək məqsədilə 1.5 milyon avroluq yeni paket təqdim edəcəyini açıqlayıb”.
Bundan əlavə, Aİ rəhbərliyi Ermənistana Rusiyaya qarşı tətbiq edilən sanksiyaların dolanmasının qarşısının alınması istiqamətində atdığı addımlara görə “təşəkkür” edib. Bu isə Ermənistanın Rusiya əleyhinə siyasətə açıq şəkildə cəlb edildiyini və iqtisadi dividentlərdən imtina etdiyini göstərir.
Rafi Müslümov