“Gələcəkdə danışıqların məkanı kimi Moskvanın seçilməsində təkid edəcək iqtidar təmsilçilərinin baş qaldıracağını da görəcəyik”.
Bu fikirləri Ermənistanın xarici işlər naziri ilə parlament sədrinin Azərbaycanla aparılan izamlama prosesinin gedişi ilə bağlı ziddiyyətli mövqe bildirmələrinin səbəblərinə toxunan politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, əslində, bu mənzərə Ermənistan hakimiyyətində yekdilliyin olmadığının göstəricisidir:
“Ermənistan müstəqil dövlət olmadığına görə iqtidar komandasının içində də bölünmələr var. Bu komandada Moskvadan və Qərbdən, erməni millətçi-şovinist dairələri tərəfindən idarə olunan adamlar var.
Belə bir şəraitdə isə sülh sazişi kimi mühüm məsələyə vahid yanaşmanın olmaması normal haldır. Ən pisi isə Ermənistanın baş naziri Nikol Paşinyanın belə danışıqların harada və necə aparılacağı ilə bağlı konkret mövqe ortaya qoymamasıdır.
Gələcəkdə danışıqların məkanı kimi Moskvanın seçilməsində təkid edəcək iqtidar təmsilçilərinin baş qaldıracağını da görəcəyik. Bu isə birmənalı qaydada yaxşı hal olmamaqla yanaşı, həm də sülh prosesini ləngidən məsələdir. Nə qədər ki Ermənistan hakimiyyətində anlaşma və Paşinyanın qəti mövqeyi yoxdur, danışıqların hansı formatda aparılacağını söyləmək çətindir”.
Nəsimi Ələsgərli
www.yenicag.az