“İrəvan Rusiyaya Moskvanın təsirində olmayan, özünün və Qərbdəki erməni lobbisinin dəstəklədiyi bir şəxsi səfir göndərmək istəyir”.
Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya göndərmək istədiyi yeni səfirin namizədliyini Moskvanın rədd etməsinə münasibət bildirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.Yusif Bağırzadənin sözlərinə görə, Paşinyan nə qədər Qərbə meyllənsə də, Ermənistan Rusiyanın təsir dairəsindən çıxa bilməyəcək:
“Rusiya mətbuatında belə bir tendensiya yaranıb: Paşinyan pisdir, Avropaya satılıb, Ermənistan və ermənilər isə yaxşıdır. Rusiya mediasının bir qismi ermənilərin əlindədir və onların mətbuata ciddi təsir imkanları var.
Ermənilər başa düşür ki, Rusiya ilə oyun oynamaq olmaz və onların Rusiyanın təsir dairəsindən çıxması mümkün deyil. Paşinyan özünü Qərbyönümlü göstərərək, Avropa və ABŞ-dan hakimiyyəti üçün təminat almağa çalışır. Belə bir təminatı alacağı təqdirdə, yeni prosesə başlamaq istəyir.
Aydındır ki, Rusiya bunu qəbul etməyəcək. Fransa hazırda Türkiyə və Azərbaycana qarşı gələrək Ermənistanı həm müdafiə edir, həm də ondan bir alət kimi yararlanır. Bu dəstəkdə Fransadakı erməni diasporunun səsini qazanmaq amili də çox mühüm rol oynayır.
Digər tərəfdən, Zəngəzur dəhlizi Rusiya üçün həyati məsələdir. Ermənistanın bununla bağlı konkret öhdəliyi var. Əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olmasa, o zaman İrəvanla Moskva arasında münasibətlər normallaşa bilər. Əks halda, Ermənistanın aqibəti heç də yaxşı olmayacaq.
Bu dönəmdə Paşinyan Rusiyaya Moskvanın təsirində olmayan, özünün və Qərbdəki erməni lobbisinin dəstəklədiyi bir şəxsi səfir göndərmək istəyir. Ancaq Rusiya onun göndərdiyi namizədi qəbul etmir. Fikrimcə, Paşinyan bu niyyətini gerçəkləşdirə bilməyəcək. Ümumiyyətlə, onun Rusiya “zarafat”larının sonu Ermənistan üçün müsbət heç nə vəd etmir”.
Səxavət Məmməd
www.yenicag.az