1993-cü il, iyunun 4-də Gəncədə Qarabağ korpusunun keçmiş komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət nümayəndələri arasında silahlı toqquşma baş verib. Nəticədə 709 saylı hərbi hissənin tərksilah edilməsi üçün keçirilən əməliyyat uğursuz olub, hər iki tərəfdən 35 nəfər həlak olub.
1993-cü il, 8 iyunda Surət Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başlayıblar. Vəziyyətdən çıxış yolu kimi respublika rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət edib. Gəncədəki hərbi qiyamı yatırtmaq üçün həyata keçirilən uğursuz əməliyyata görə məsuliyyət daşıyan AXC iqtidarının ikinci şəxsi, parlamentin sədri İsa Qəmbər istefa verib. Vəziyyəti yerində araşdırmaq üçün Heydər Əliyev həmin gün Gəncəyə yola düşüb. 30 iyun 1993-cü ildə Surət Hüseynov baş nazir postuna təsdiqlənib.
4 iyun qiyamı ilə bağlı dönəmin baş naziri Pənah Hüseyn Yenicaga.az-a danışıb:
“Bu məsələlərlə bağlı kifayət qədər diskussiyalar aparılıb. İstər siyasi, istər hüquqi, istərsə də mənəvi cəhətdən hər şey aydındır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, 1993-cü ildə ölkənin qanuni prezidentinə qarşı hərbi qiyam qaldırılmışdı. O zaman vəzifə başında olan prezident qvardiyasının, Milli ordunun, Milli Təhlükəsizlik Nazirliyinin zabitləri və əsgərləri qətlə yetirilmişdi. Nəticədə ölkədə ciddi siyasi böhran yaranmışdı. Bu siyasi böhrana səbəb olan xaos şəratində işğal altnda olan torpaqların azad olunması və ərazi bütövlüyümüzün saxlanması şərti ilə müharibənin qurtarmasını nəzərdə tutan sülh müqaviləsinin qüvvəyə minməsi faktiki olaraq imzalanmışdı, sonra pozuldu. Daha sonra bu bizim digər rayonlarımızın işğalı ilə nəticələndi. Ölkə çox ciddi hərbi, siyasi, sosial böhrana sürükləndi və bunun nəticələri bu gün də davam edir. Buna görə də, qiyamın iştirakçılarının hadisələri nə adlandırılmasından asılı olmayaraq bu qiyam hüquqi cəhətdən cinayət, siyasi cəhətdən Azərbaycan dövlətçiliyinə vurulmuş dəhşətli bir zərbə, mahiyyət etibarı ilə milli xəyanət idi”.
Hadisənin baş vermə səbəblərinə gəldikdə isə Pənah Hüseyn bildirib ki, faktiki olaraq hakimiyyətə gəlməyə can atan qüvvələrin Azərbaycanın düşməni olan xarici qüvvələrlə işbirliyi nəticəsində yaranmış bir hadisə idi:
“Burada məqsəd Azərbaycan dövlətçiliyini sarsıtmaq, xarici qüvvələrin əlinə fürsət vermək, Azərbaycanda və regionda ciddi konfliktə səbəb olmaq idi. Bu məsələdə Rusiya və İran öz məqsədlərini güdürdü. Daxili qüvvələr isə hakimiyyətə gəlmək üçün belə bir iş birliyinə getmişdilər. Şübhəsiz ki, qiyamın qarşısının alınmamasında, o dövrki siyasi iqtidar – başda mən olmaqla, Elçibəyin komandası siyasi məsuliyyət daşıyırdı”.
“Hadisələrin qarşısını almaq olardımı?”sualına isə eks baş nazirin cavabı belə oldu:
“Şübhəsiz ki, qiyamın qarşısını almaq olardı. Hadisələrin qarşısının alınması o zamankı iqtidarın, rəhbərliyə daxil olan şəxs kimi mənim vəzifəm idi. Biz bu vəzifənin öhdəsindən gələ bilmədik və bunun üçün məsuliyyət daşıyırıq”.
www.yenicag.az