Pentaqon “Çin hərbi şirkətləri”nin siyahısını yenilədi
ABŞ Müdafiə Nazirliyi Çin Xalq Azadlıq Ordusu ilə əməkdaşlıq etdiyi iddia olunan şirkətlərin yer aldığı “Çin hərbi şirkətləri” siyahısını genişləndirib.
Yenicag.az xəbər verir ki, müvafiq sənəd ABŞ hökumətinin Federal Reyestrində dərc olunub.
Siyahıya Çinin onlayn ticarət nəhəngi “Alibaba”, axtarış sistemi operatoru “Baidu”, elektromobil və batareya istehsalçısı “BYD”, həmçinin elektromobil istehsalçısı “NIO” daxil edilib.
Bildirilib ki, adıçəkilən şirkətlər Çin Sənaye və İnformatizasiya Nazirliyi ilə əməkdaşlığa görə siyahıya əlavə olunublar.
Məlumata görə, bu il ümumilikdə siyahıya 15-ə yaxın yeni şirkət daxil edilib.
Qeyd edək ki, Pentaqon “Çin hərbi şirkətləri” siyahısını 2021-ci ildən yayımlayır. Siyahıya daxil edilmək avtomatik olaraq sanksiyaların tətbiqi demək olmasa da, həmin şirkətlərin ABŞ Müdafiə Nazirliyi ilə podrat müqavilələri bağlamasına mane olur. Eyni zamanda, bu addım investorlar üçün gələcəkdə ticarət və digər məhdudiyyətlərin tətbiq oluna biləcəyinə dair siqnal hesab edilir.
Hazırda siyahıda Çindən olan 100-dən çox şirkət yer alır. Onların arasında aviaşirkətlər, elektron avadanlıq istehsalçıları, logistika, tikinti və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr də var.













