Pezeşkian BAKIDA: “Azərbaycan-İran arası münasibətlərdə yeni səhifənin başlanğıcı olacaq”
“Pezeşkianın ölkəmizə səfəri Azərbaycan-İran arası münasibətlərdə yeni səhifənin başlanğıcı olacaq”.
Bunu Yenicag.az-a açıqlamasında İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan səfərinin iki ölkə münasibətlərinə mümkün təsirlərindən danışan Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, Pezeşkianın ölkəmizə səfəri tarixi xarakter daşıyır:
“Çünki Tehranda səfirliyimizə qarşı baş vermiş terror hadisəsindən sonra Azərbaycanla İran arasında münasibətlərdə soyuqluq yaşanırdı. Pezeşkianın səfəri çərçivəsində ölkələrarası münasibətlərdə bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi və İranla Azərbaycan arasında münasibətlərin yüksəldilməsi istiqamətində müzakirələr aparılacaqdır”.
Millət vəkili xatırladıb ki, İran yaxın qonşumuzdur, o cümlədən İranda 35 milyondan çox azərbaycanlı yaşayır:
“Xalqlarımız oxşar dini-mədəni adət-ənənələrə malikdirlər. Siyasi müstəvidə ölkələrimiz arası münasibətlərdə mövqelərimizin yaxınlaşması beynəlxalq platformalarda sözümüzün gücünü artırır. Həmçinin regionumuza sülh və əməkdaşlığın gəlməsinə töhfə verir. Azərbaycanla İran arasında iqtisadi əlaqələr yüksək səviyyədə inkişaf edir. Belə ki, ölkəmizin ərazisindən keçən Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə Hindistandan İranın dəniz limanlarına gələn yükləri şaxələndiririk. Bu dəhlizə beynəlxalq maraq günü-gündən artmaqdadır”.
“Eyni zamanda, Naxçıvana İran üzərindən Araz dəhlizi adlanan yeni yol çəkilir. Araz dəhlizinin açılması Naxçıvanla birləşməyimizlə yanaşı İrana da yeni imkanlar qazandıracaq. Həm də ölkələrimiz arasında ticari-iqtisadi əməkdaşlığı dərinləşdirəcək. İran prezidentinin ölkəmizə səfəri çərçivəsində ticari-iqtisadi əməkdaşlığın genişləndirlməsinə dair məsələlər müzakirə oluna bilər. Ümumiyyətlə Pezeşkianın ölkəmizə səfəri Azərbaycan-İran arası münasibətlərdə yeni səhifənin başlanğıcı olacaq”, – deyə həmsöhbətimiz fikirlərini tamamlayıb.
Nəsimi Ələsgərli