Pezeşkianın İrəvan və Minskə səfəri: "Onun Ermənistanla Belarusa getməkdə əsas məqsədi..."
“İranın kənd təsərrüfatı çökmə təhlükəsi ilə üz-üzədir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib.
Politoloq İran Prezidenti Məsud Pezeşkianın bir neçə gün ərzində gerçəkləşdirdiyi İrəvan və Minsk görüşünü təhlil edib:
“İran Prezidentinin səfərləri, əsasən, strateji əhəmiyyət daşıyır. İranın Ermənistanla ikitərəfli əlaqələri son zamanlarda inkişaf edir, bu, aydın məsələdir. Eyni zamanda, İranın Belarus ilə də münasibətləri yüksələn xətlə inkişaf edir. İran-Belarus münasibətlərinin əsası İbrahim Rəisinin dövründə qoyulub və Rəisi hakimiyyətdə olduğu müddətdə müəyyən məqamda Lukaşenko hökuməti ilə əlaqələrin inkişafı üçün zəruri addımlar atmışdı. İran-Belarus münasibətləri, əsasən, enerji sahəsində daha çox inkişaf edib. İran, əsasən, öz enerji resurslarını Belarusa göndərir. Paralel şəkildə də Belarus kənd təsərrüfatı sahəsində İrana dəstək göstərir. Pezeşkianın Belarusa səfər etməkdə əsas məqsədi bu əlaqələri daha da inkişaf etdirməkdir”.
Politoloq Ermənistan-İran əlaqərinə də toxunub:
“İranın Ermənistanla əlaqələri hamıya məlumdur. Pezeşkian hökuməti Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır və paralel şəkildə Ermənistanla da münasibətlərin davam etməsini istəyir. Onun bir neçə gün öncə İrəvana səfər etməyində məqsəd də budur. Son zamanlarda İranda aqrar təsərrüfat sahələri ciddi şəkildə enişə keçib. Bu həm su azlığından irəli gələn məsələdir, həm də torpaqların düzgün istifadə edilməməsi nəticəsində İranda kənd təsərrüfatı mallarının qiymətində kütləvi bahalaşma baş verir”.
“Qısacası, Pezeşkianın Belarusa səfərində əsas məqsəd məhz Belarusun kənd təsərrüfatı sahəsində olan güclü fəaliyyəti öyrənib bunu İranda tətbiq etməkdir. Böyük ehtimalla, kənd təsərrüfatı sahəsindəki texnikaların alınması barəsində də fikir mübadiləsi apara bilər. Biz İranda yaxın gələcəkdə Belarusun traktorlarını və digər texnikalarını görə bilərik. Bunu da qeyd etməliyəm ki, bu səfərlərin Azərbaycanla əlaqəsi yoxdur, sadəcə olaraq ikitərəfli münasibətlərin inkişafı istiqamətində növbəti gedişdir”, – deyə o. fikirlərini yekunlaşdırıb.
Nurlan Cəfəri