“Qarabağ”dan MÖHTƏŞƏM GERİDÖNÜŞ – “Köhlən atlar” qələbənin bir ADDIMLIĞINDA
“Qarabağ”ın dünənki möhtəşəm qələbəsini komandanın zəngin avrokubok təcrübəsi ilə əlaqələndirmək olar. Artıq 12 ildir ki, komanda ardıcıl olaraq avrokubokların qrup mərhələsində – Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında çıxış edib”.
Bunu Yenicag.az-a açıqlamasında tanınmış idman mütəxəssis Kənan Məstəliyev deyib.
O, Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi olan “Qarabağ”ın ötən gün Macarıstanda “Ferentsvaroş” qarşısındakı əzmkar qələbəsinin, eləcə də “köhlən atlar”ın ötən ilə nisbətən daha aktiv futbol sərgiləməsinin səbəblərinin izah edib.
Mütəxəssis xatırladıb ki, “Qarabağ”ın hər turda “Bayer” kimi klublara çətin anlar yaşatması da təsadüfi deyil:
“Bu təcrübə sayəsində “Qarabağ” böyük matçların, vacib oyunların öhdəsindən gəlməyi, güclü rəqiblərlə baş-başa oynamağın yolunu yaxşı mənimsəyib. Komandanın başında isə 17 ildir rəhbərlik edən, böyük təcrübəyə malik Qurban Qurbanov var. Futbolçular gəlib-gedir, amma Qurbanov daim buradadır və komandanı necə idarə etməyi, necə motivasiya etməyi çox yaxşı bilir”.
K. Məstəliyev diqqətə çatdırıb ki, “Ferentsvaroş” da yaxşı komandadır, Macarıstan futbolunun əfsanəsidir və heyət baxımından kağız üzərində “Qarabağ”dan üstün görünürdü:
“Amma məsələ kağız üzərində deyil, yaşıl meydanda həll olunur. Oyun başladıqda gözlənilmədən “Ferentsvaroş” müdafiəyə çəkildi. Halbuki onların futbol fəlsəfəsi hücuma meylli oyuna əsaslanır. Bu gediş “Qarabağ” üçün gözlənilməz oldu, çünki qapanan komandaları yarmaq asan deyil. İlk hissədə bəzi imkanlar yaradılsa da, dəyərləndirmək mümkün olmadı və rəqib ilk şansından istifadə edərək hesabı açdı. Fasiləyə qədər “Qarabağ” yaxşı görünmürdü”.
Onun sözlərinə görə, bütün bunlara baxmayaraq, fasilədən sonra Qurban Qurbanovun tapşırıqları öz təsirini göstərdi:
“Xüsusilə də Kadi Borgesin oyuna qoşulması ilə komandanın hücumları canlandı. Meydanda əzmkarlıq, döyüşkənlik nümunəsi göstərildi. Musa Qurbanlının vurduğu qol isə əsl hücumçu qolu idi – topu qəbul edib dərhal qapıya yönəlməsi, instinktiv zərbəsi və dəqiq vuruşu bunun bariz nümunəsi oldu. Nəriman Axundzadə gənc və istedadlı futbolçu olsa da, bu qoldan öyrənəcəyi çox şey var”.
“Nəticədə “Qarabağ” səfərdən həm hesab üstünlüyü, həm də psixoloji üstünlüklə Bakıya qayıdır. İndi Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək cavab görüşü qarşıdadır. Üstünlük bizdədir, amma eyforiyaya qapılmaq olmaz – hələ bir addım var. O addımı da ataraq nəhəng Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək mümkündür. Mən inanıram, hətta əminəm ki, “Qarabağ” bu vəzifənin öhdəsindən gələcək. Çünki bütün lazımi addımlar atılıb – həm komanda özünü sübut edib, həm də azarkeşlər illərdir bu böyük qələbəni gözləyir. 8 ildən sonra “Qarabağ” bizi yenidən Çempionlar Liqasına aparacaq”, – deyə o, fikirlərini tamamlayıb.
Rafi Müslümov