Sülh, yoxsa təslimiyyət? – Zelenskiyə Moskvaya getmək şərti QOYULDU
“ABŞ və Rusiya arasında davam edən Ukrayna müharibəsinə dair danışıqlar artıq yeni mərhələyə qədəm qoyub. Məlumata görə, ilkin razılaşmanın çərçivəsi Alyaskada keçirilən zirvədə müəyyən olunub. Bu kontekstdə söhbət sadəcə atəşkəsdən deyil, ümumi sülh sazişindən və “torpaq dəyişdirilməsi” – yəni ərazilərin dəyişdirilməsi ilə bağlı təklifdən gedir”.
Bunu Yenicag.az-a açıqlamasında türkiyəli politoloq Hüsaməddin İnaç deyib.
O, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında baş tutan telefon danışığından, eləcə də Zelenski və Putin arasında Moskvada keçirilməsi planlaşdırılan ikitərəfli görüş haqqında yayılan informasiyalardan söz açıb.
H. İnaça görə, 18 avqustda keçirilən Vaşinqton zirvəsində ABŞ Prezidenti Donald Trampın Avropa liderlərinə bu planı açıq şəkildə çatdırdığı bildirilir:
“Bu isə artıq prosesin geri dönməz məcraya girdiyini göstərir. Növbəti üçlü zirəvinin yaxın vaxtlarda keçirilməsi gözlənilir. Tramp sülhün tez bir zamanda əldə olunmasını istədiyindən, tərəfləri sürətli qərar qəbul etməyə məcbur edir. Lakin belə bir zirvənin Moskvada keçirilməsi Ukrayna üçün ağır simvolik nəticələr doğura bilər. Çünki Kiyev rəhbərliyinin – xüsusilə də Zelenskinin “qalib tərəfin ölkəsinə” gedərək müqavilə imzalaması Ukrayna ictimaiyyətində təhqir kimi qəbul oluna bilər”.
Onun sözlərinə görə, məhz buna görə də Moskva variantı zəif görünür:
“Daha real ehtimal kimi İstanbul göstərilir. Türkiyə bu prosesdə həm neytral platforma, həm də tərəflərin imicini qoruyacaq bir mərkəz rolunu oynaya bilər. Bununla belə, yekun qərarın Trampın əlində olduğu vurğulanır. ABŞ lideri Vaşinqton zirvəsində Avropa İttifaqı və Ukraynanı kəskin şəkildə kənara itələyərək “Amerika və Rusiya olaraq biz dünyanı paylaşarıq” mesajı verib. Əgər bu xətt davam etdirilərsə, Moskva seçimi gündəmdə qala bilər. Amma Zelenskinin Moskvaya getməyə razı olub-olmayacağı hələ də şübhə altındadır”.
Rafi Müslümov