Pezeşkianın “şeir diplomatiyası” – “İranın mühafizəkar təbəqəsi bunu sabotaj etməyə çalışacaq”
“İran prezidentinin bu çıxışını İrandakı mühafizəkar təbəqə sabotaj etməyə çalışacaq”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
O, İran prezidenti Məsud Pezeşkianın Bakıda səfər zamanı dahi Məhəmmədhüseyn Şəhriyarın Azərbaycan dilində “Heydərbabaya salam” şeirindən bir hissəni deməyini şərh edib:
“İran lideri dəfələrlə deyib ki, “mən azərbaycanlıyam və bununla fəxr edirəm”. Doğrudur, İran rejimi azərbaycanlı olduğu üçün onu prezident postuna gətirdi, yeni dəyişən geosiyasi nizam formatında Azərbaycanla münasibətləri formalaşdırsın, Cənubi Azərbaycanda yaşayan həmvətənlərimiz arasında da birliyi qorusun. Ona görə də bunun üçün müvafiq addım atılıb. Pezeşkianın Şəhriyardan şeirlər deməsi, əlbəttə ki, türk dilinin inkişafı baxımından, Cənubi Azərbaycandakı türklərin daha da birlik olması üçün xüsusi əhəmiyyət kəsb edir. Pezeşkian özü də çox səmimi insandır. Onun Azərbaycana qarşı münasibəti də olduqca səmimidir. Azərbaycanda da Şəhriyardan “Heydərbabaya salam” şeiri deməsi özü bir mesajdır: yəni iki xalq bölünüb və Pezeşkian da bunu vurğuladı. İran tərəfi bunu “Vahid İran” kimi qəbul etsə də, Şəhriyarın şeiri türkcə yazılıb və sırf Azərbaycana aiddir”.
Analitik hesab edir ki, İranın mühafizəkar təbəqəsi prezidentin bu addımını sabotaj etməyə çalışacaq:
“Düşünürəm ki, İran prezidenti bu hərəkətində çox səmimidir, İran rejimi təkcə mötədillərdən, islahatçılardan deyil, həm də mühafizəkarlardan ibarətdir. Konkret olaraq Pezeşkianın Azərbaycanla bağlı normal siyasətini İran dairələrində mühafizəkar kəsim müəyyən sabotaj etməyə çalışacaq. Ümumi götürəndə isə bundan sonra da İran-Azərbaycan əlaqələri yüksək olmayacaq, yəni normal münasibətlər davam edəcək. İqtisadi-siyasi əlaqələr müəyyən dərəcədə Pezeşkianın dövründə də normallaşacaq. Bu istiqamətdə də proses davam edəcək. Təbii ki, onun Bakıda dediyi şeir ona qarşı normal münasibətlərin formalaşması və İrana qarşı vahid münasibətin formalaşmasına da xidmət edir”.
Yenicag.az