Ötən gün paylaşılan xəbərlərə görə, Binəqədi rayonu, Xocasən qəsəbəsində maşın bir ailənin yarısını vurub. Ərazidə yaşayan sakinlər bildirib ki, piyada keçidi olmadığına görə belə hallar yaşanır. BNA isə deyib ki, yol infrastrukturu ilə bağlı aidiyyatı qurumlar tərəfindən baxış keçirilib, müəyyən təhlillər aparılıb.
Nəzərə alsaq ki, yaşlı, xəstə, fiziki məhdudiyyətli və s. tipli insanlar yerüstü keçiddən istifadə etməkdə çətinlik çəkir, nə etmək lazımdır? Hansı alternativ yolları tətbiq etmək lazımdır?
Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, piyada keçidləri ilə bağlı spesifik tələblər yoxdur:
“Ümumi yol təsərrüfatına və şəraitə uyğun olaraq yeraltı və ya yerüstü keçidlər tikilir. Sadəcə keçidlərdən düzgün istifadə edilməlidir. Keçidlərin işıqlandırılmasına diqqət yetirmək lazımdır. Keçidlər arasındakı məsafə qanunda nəzərdə tutulmuş ölçüdə quraşdırılmalıdır. Bu problem Azərbaycanın hər bölgəsində var.
Məsələ budur ki, bəzən aidiyyatı qurumlar bu problemlərlə maraqlanmır və nəticə də belə olur. Keçidlər vaxtında rənglənmir və ya rulon rənglərdən istifadə edilir, onlar da keyfiyyətsizdir. Nişanlar quraşdırılmır. Bütün bu hallar insanların rahatlığına və təhlükəsizliyinə mane olur. Vaxtında aradan qaldırsalar, yaxşı olar”.
Şahanə Paşa
www.yenicag.az