“Böyük ehtimalla, Ərdoğan hakimiyyəti Türkiyədə PKK ilə bağlı məsələdə ciddi addımlar atır və prosesin son mərhələsinə yaxınlaşır. Son dövrlərdə bu istiqamətdə siyasi manevrlər daha da intensivləşib. Hazırda PKK məsələsində Türkiyə ilə ABŞ arasında ciddi ziddiyyətlər və qarşıdurmalar mövcuddur”.
Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Analitik Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM) üzvləri ilə keçirdiyi görüşlərə və ikinci “həll prosesi”nin başladılması ehtimallarına toxunub.
E. Xalidbəyli diqqətə çatdırıb ki, Ərdoğan hakimiyyəti tərəfindən İmralıda həbsdə olan PKK lideri Abdullah Öcalana silahların yerə qoyulması barədə müraciət ünvanlanıb və bunun müqabilində müəyyən güzəştlər, o cümlədən cəzanın yüngülləşdirilməsi məsələsi müzakirə edilir, eləcə də Öcalan bu təklifə razılıq verdiyini bəyan edib:
“Bundan əlavə, Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM) üzvləri ilə görüşlərin keçirilməsi və PKK-nın siyasi təmsilçiləri ilə müzakirələr də diqqət çəkir. Bu addımlar göstərir ki, PKK-nın sonunun çatdığına dair ümumi bir razılıq formalaşır. Ərdoğan hakimiyyəti bu məsələni öz lehinə çevirərək həm ölkədaxili ictimaiyyətə, həm də beynəlxalq aləmə PKK-nın silahları yerə qoymaq istəyində olduğunu nümayiş etdirmək istəyir. Çünki Türkiyə PKK-nın qalıqlarının ABŞ-nin dəstəyi ilə fəaliyyət göstərdiyini bəyan edir. ABŞ PKK və onun Suriya qolu olan YPG-ni öz müttəfiqi elan edərək, onları təlimatlandırır, silahlandırır və dəstəkləyir. Hətta ABŞ-nin PKK-nı qorumaq məqsədilə Suriya ərazisində əlavə hərbi bazalar yaratdığı bildirilir.
Onun sözlərinə görə, Türkiyə isə bu dəstəklə barışmayaraq, PKK-nın tamamilə sıradan çıxarılmasını hədəfləyir:
“Ərdoğan hakimiyyəti bu prosesdə uğur qazanarsa, həm daxili terror təhlükəsini aradan qaldıracaq, həm də ABŞ-ın bu məsələ ilə bağlı siyasi məsuliyyət daşıdığını dünyaya göstərəcək. Çünki Türkiyə hazırda PKK-nın Suriyada mövcudluğunu sona çatdırmağa və bu terror təşkilatının tamamilə sıradan çıxarılmasına nail olmağa çalışır. Bu prosesin nəticəsi olaraq, Türkiyə yaxın gələcəkdə ölkənin ən böyük problemlərindən birini həll etməyi qarşısına məqsəd qoyub. Beləliklə, Ərdoğan hakimiyyəti həm daxildə terror təhlükəsini neytrallaşdırmaq, həm də beynəlxalq səviyyədə öz mövqeyini gücləndirmək üçün strateji addımlar atır. Proseslərin gedişi yaxın gələcəkdə Türkiyə üçün mühüm geosiyasi dəyişikliklər və nəticələr doğura bilər”.
Rafi Müslümov
www.yenicag.az