Polşa hökuməti əhaliyə müharibə ilə bağlı buklet PAYLAYACAQ
Polşa Daxili İşlər Nazirliyi müharibə və ya fövqəladə hallar zamanı əhalinin necə davranmalı olduğunu izah edən xüsusi təlimat sənədinin hazırlanmasını yekunlaşdırmaq üzrədir.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyinə açıqlamasında Polşanın vətəndaş müdafiəsi və böhranların idarə olunması departamentinin direktor müavini Robert Klonovski verib.
Klonovskinin sözlərinə görə, “Təhlükəsizlik üzrə bələdçi” adlı 40 səhifəlik bukletdə içməli su ehtiyatlarının yaradılması, hava hücumları zamanı davranış qaydaları, elektrik enerjisinin kəsilməsi halında atılacaq addımlar kimi məsləhətlər yer alacaq.
Təlimat kitabçasının əsas məqsədi Ukraynadakı müharibə fonunda artan regional qeyri-sabitlik şəraitində ölkənin milli dayanıqlılığını gücləndirməkdir.
“Müharibələr yalnız cəbhədə qazanılmır. Ukrayna nümunəsi bunu çox aydın göstərdi”, – deyə nazirlik rəsmisi bildirib.
Buklet sentyabr ayında internet üzərindən polyak dilində yayımlanacaq. Sonradan o, ingilis və Ukrayna dillərinə də tərcümə ediləcək. Həmçinin uşaqlar üçün versiyası və Brayl əlifbası ilə hazırlanmış nüsxələri də nəzərdə tutulur.
Bundan əlavə, Polşa Daxili İşlər Nazirliyi təlimat kitabçasının çap versiyasını ölkədəki 14 milyon ailəyə paylamağı planlaşdırır.