Pomidorun qiyməti nə vaxt ENƏCƏK? – İqtisadçıdan proqnoz
“Fikrimizcə, ölkədə pomidor istehsalında və idxalında monopoliya mövcuddur. Rusiyaya ucuz qiymətə pomidor ixrac edən sahibkarlar daxili bazara daxil ola bilmirlər. Bazarlarda qiymətlərin baha olması birbaşa bu monopoliya ilə bağlıdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
Ekspert ötən illə müqayisədə bu ilin may ayında Azərbaycanda pomidorun qiymətinin kəskin baha olmasının səbəblərini belə izah edib:
“Azərbaycanda pomidorun bahalaşmasının bir-biri ilə bağlı bir neçə səbəbi var. Əsas amil hava şəraiti və mövsümdür. Yağış, dolu və soyuq hava dalğaları məhsuldarlığı azaldır, açıq sahə məhsulu isə müəyyən dövrlərdə minimuma enir. Eyni zamanda, istixanaların enerji və gübrə xərclərinin yüksək olması maya dəyərini artırır.
Bundan əlavə, Azərbaycan pomidor ixracında regionda aparıcı mövqedədir və ixracın artması daxili bazarda təklifi azaldır. Rayonlardan paytaxta daşınma, soyuducu anbarların məhdudluğu və topdan-pərakəndə satış marjalarının yüksəkliyi də qiymət fərqlərini şərtləndirir. Fermerin məhsulu tarladan çıxardığı qiymətlə Bakıdakı pərakəndə satış qiyməti arasında bəzən 2-3 dəfəyə qədər fərq yaranır”.
İqtisadçı həmçinin vurğulayıb ki, yanacağın qiymətinin artması bütün kənd təsərrüfatı məhsullarının satış qiymətinə birbaşa təsir göstərir.
Qiymətlərin nə vaxt enəcəyinə gəlincə, A.Nəsirli bunun əsasən mövsümdən asılı olacağını proqnozlaşdırıb:
“Yay-payız aylarında açıq sahə məhsulları bazara kütləvi daxil olduqda qiymətlər müəyyən qədər aşağı düşür. Lakin struktur problemləri, yəni monopoliya, yüksək nəqliyyat xərcləri və ixrac təzyiqi qaldığı müddətcə köklü ucuzlaşma gözləmək çətindir”.
Cəvahir













