“Karantin postlarının yığışdırılması bəzi vətəndaşlarda arxayınlıq yaradır. Onlar hesab edir ki, postlar olmadığına görə, rahat hərəkət edə bilərlər. Ancaq Daxili İşlər Nazirliyinin (DİN) yaydığı açıqlamadan belə başa düşüldü ki, avtomobildə hər hansısa bir şübhə olarsa, həmin avtomobil dayandırılacaq, sürücü və sərnişinlər yoxlanılacaq”.
Bu fikri Yenicag.az-a açıqlamasında karantin postlarının yığışdırılması və DİN-nin rəsmi məlumatına münasibət bildirən nəqliyyat eksperti Elməddin Muradlı deyib.
Elməddin Muradlı bildirib ki, icazə olmasa həm sürücü, həm də sərnişin cərimə olunacaq:
“Karantin rejimi ilə əlaqədar polis əməkdaşları istənilən avtomobili saxlayıb, yoxlaya biləcəklər. Bu sıxlığa səbəb olmayacaq. DİN vətəndaşların rahatçılığını düşünürək bu addımı atıb”.
Kameralarla icazələrin müəyyənləşdirilməsi məsələsinə gəldikdə isə, ekspert bunları deyib:
“Kameralarla bu halın müəyyənləşdirilməsi mümkün deyil. Çünki xüsusi texniki vasitələrdə proqramlaşdırılma aparılmadığına görə, aşkarlaya bilməyəcək. Gələcəkdə, əgər karantin rejimi daha çox davam edərsə, proqramçılar bunu da edə bilərlər. Kameralarla cərimələr real görünmür”.
www.yenicag.az