!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev: "Azərbaycan öz hesabına yaşayan ölkələrdəndir"

!Reklam – Yazi

“Bu gözəl bayram günlərində Cəlilabad şəhərinin içməli su problemi də öz həllini tapır. Mən bilirəm ki, uzun illər ərzində su problemi Cəlilabad sakinlərini çox narahat edirdi, su fasilələrlə, gündə bir neçə saat verilirdi. Elə günlər var idi ki, su, ümumiyyətlə, olmurdu. İndi isə bu məsələ birdəfəlik öz həllini tapıbdır və Cəlilabad şəhərinə 24 saat ərzində keyfiyyətli, Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğun içməli su verilir. Bu, çox böyük hadisədir, tarixi hadisədir. Mən bunu həmişə qeyd edirəm, bu layihənin icrası onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Çünki bu, sırf sosial layihədir. Bu layihə çox böyük vəsait tələb edirdi və Azərbaycan dövləti bu vəsaiti ayırdı ki, Cəlilabad sakinləri təmiz, keyfiyyətli içməli su ilə təmin olunsunlar”.

Bunu prezident İlham Əliyev bu gün Cəlilabad şəhərinin içməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirib.

Ölkə başçısı deyib ki, bu layihənin icrası ölkəmizin inkişafını göstərir: “Göstərir ki, bu gün də Azərbaycan uğurla inkişaf edir, sosial-iqtisadi layihələrə böyük vəsait ayrılır. Bizim kifayət qədər böyük maliyyə imkanlarımız var. Azərbaycan o ölkələrdəndir ki, öz hesabına yaşayır və ölkə qarşısında duran bütün vəzifələrin icrası üçün ardıcıl siyasət aparılır”.

Hazırda içməli su layihələrinin icrasının ölkəmizdə geniş vüsət aldığını qeyd edən prezident əlavə edib ki, qarşıya qoyulan vəzifəyə əsasən, hər bir şəhərin içməli su məsələsi öz həllini tapacaq: “Biz bu məqsədə yaxınlaşırıq. Eyni zamanda, kəndlərdə də, qəsəbələrdə də bu məsələlər öz həllini tapır. Biz müxtəlif imkanlardan istifadə edirik. Həm çayboyu kəndlərdə təmizləyici qurğular quraşdırılır, eyni zamanda, magistral su xətləri çəkilir. Bir sözlə, içməli su problemi Azərbaycanda əsaslı şəkildə öz həllini tapır və tapacaqdır. Deyə bilərəm ki, bu da insan sağlamlığına ən çox müsbət təsir edən amildir. Çünki su həyatdır, təmiz su sağlam həyat deməkdir. Azərbaycan vətəndaşları sağlam olmalıdırlar. Azərbaycan dövləti bu məqsədə çatmaq üçün bir çox tədbirlər görür. Siz yaxşı bilirsiniz ki, artıq neçə ildir ölkəmizdə tibbi müayinədən keçən insanların sayı 5 milyona çatıbdır. Biz bu xidməti pulsuz, dövlət hesabına təqdim edirik. Bu, nəyə görə mümkün olub? Ona görə ki, indi hər bir yerdə müasir tibb ocaqları var, o cümlədən Cəlilabad rayonunda. Mən hər iki tibb müəssisəsinin – həm Müalicə Diaqnostika Mərkəzinin, həm də Mərkəzi Rayon Xəstəxanasının açılışında iştirak etmişəm. Bu iki böyük tibb ocağı Cəlilabad rayon sakinlərinə çox yaxşı xidmət edir. Ümumiyyətlə, Cəlilabad rayonunun inkişafına böyük diqqət göstərilir. Mən rayonda dəfələrlə olmuşam. Bu səfər Prezident kimi mənim səkkizinci səfərimdir və hər dəfə müxtəlif tədbirlərin açılışında iştirak etmişəm. Son illər ərzində rayonda bir çox sosial layihələr icra edilib. Qeyd etdiyim kimi, xəstəxana, Müalicə Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, şahmat məktəbi, Gənclər Evi, 20-dən çox məktəb tikilib. Dörd kənd yolu layihəsi icra edilib və bu layihələrin icrası imkan verib ki, 100 min əhali bu yollardan istifadə etsin. Çünki bu 4 layihənin əhatə dairəsi çox böyükdür. Bu, 60-dan çox kəndi əhatə edir”.

Dövlət başçısı bu gün Cəlilabad-Masallı, Masallı-Lənkəran magistral avtomobil yollarının açılışında iştirak etdiyini də xatırladıb. “Bu da çox gözəl layihədir. İndi Bakıdan Astaraya qədər çox gözəl magistral yol salınır. Əlbəttə ki, bu istiqamətdə yerləşən bütün rayon sakinləri bu imkanlardan istifadə edəcəklər. Cəlilabad şəhəri üçün bunun xüsusi əhəmiyyəti var. Çünki əvvəlki magistral yol şəhər mərkəzindən keçirdi və istər-istəməz bu, müəyyən problemlərə gətirib çıxarırdı, həm yük maşınları, həm də ki, böyük maşın axını insanları narahat edirdi. İndi isə yeni bir trass açılıbdır və beləliklə, bu məsələ də öz həllini tapır”, – deyə o bildirib.

Cəlilabadda digər məsələlərin də öz həllini tapdığını qeyd edən prezident vurğulayıb ki, rayonda qazlaşdırma prosesi gedir: “Hələ ki, 70 faiz səviyyəsindədir, ancaq bu, artacaq. Əvvəlki illərlə müqayisədə bu, böyük nailiyyətdir. Ancaq biz çalışmalıyıq ki, kəndlərimiz maksimum qazlaşdırılsın. Cəlilabad rayonunda 100-dən çox kənd var və çalışacağıq ki, kəndlərin əksəriyyətinə qaz xətləri çəkilsin. İçməli su məsələsi bu gün öz həllini tapıbdır. Elektrik enerjisi ilə təminat hesab edirəm ki, problem yaratmır. Əlbəttə ki, sosial və iqtisadi məsələlər gündəlikdədir”.

Ölkə başçısı əlavə edib ki, Cəlilabadda kənd təsərrüfatının inkişafı sürətlə gedir. “Xüsusilə son vaxtlar kənd təsərrüfatının bütün sahələrinə böyük diqqət göstərilir. Cəlilabadda da vətəndaşlar, sahibkarlar buna çox müsbət reaksiya verirlər və kənd təsərrüfatının istehsalı artır. Eyni zamanda, mənə verilən məlumata görə, indi Cəlilabadda yetişdirilən kənd təsərrüfatı məhsulları xarici bazarlara çıxarılır. Bu, insanların dolanışığı üçün yaxşıdır, ölkəmiz üçün yaxşıdır, ölkəmizə valyuta gəlir. Biz əlbəttə ki, növbəti illərdə bu sahəyə daha da böyük diqqət göstərəcəyik. Eyni zamanda, yeni suvarılan torpaqların dövriyyəyə cəlb edilməsi istiqamətində işlər gedəcək. Buna böyük ehtiyac var. İndi ölkəmizdə on minlərlə hektar sahədə yeni suvarma layihələri icra edilir. Bu il bu vaxta qədər suvarılmayan 100 min hektardan çox torpağa su veriləcək, gələn il də həmçinin. Cəlilabad rayonunda isə suvarılan torpaqların həcmi o qədər də böyük deyil. Mənə məlumat verilib ki, indi torpaqların təqribən 10 faizi suvarılır. Biz əlavə tədbirlər görməliyik, vəsait ayrılmalıdır ki, suvarılan torpaqların sahəsi böyüsün. Belə olan halda məhsuldarlıq daha da yaxşı olacaq. Əminəm ki, kənd təsərrüfatının, sahibkarlığın inkişafı, emal müəssisələrinin yaradılması növbəti illərdə Cəlilabad rayonu üçün əsas istiqamət olacaqdır. Bugünkü hadisə çox əlamətdar hadisədir, müqəddəs Qurban bayramına təsadüf edir. Ancaq bu, təsadüfi deyil. Hesab edirəm ki, bu bayram günündə bu layihə Cəlilabad şəhəri üçün gözəl hədiyyədir. Sizi bir daha bu münasibətlə təbrik edirəm, sizə yeni uğurlar arzulayıram”, – deyə prezident bildirib.

Yenicag.Az

www.yenicag.az

979
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv