!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident seçkilərində MÜHÜM FAKTORLAR: “Amerikalılar qadın prezidentə hazır deyillər”

!Reklam – Yazi

“Göstəricilər Tramp və Harrisin reytinqinin bərabər olduğunu göstərsə də, pərdəarxasında Trampın seçilmək şansı daha çoxdur”.

Bunu Yenicag.az-a açıqlamasında ABŞ-də noyabrın 5-i keçiriləcək prezident seçkilərindən sonra baş verə biləcək mümkün proseslərdən danışan politoloq Turan Rzayev deyib.

Onun sözlərinə görə, ABŞ-də seçkilər yalnız bu ölkənin yox, həm də planetin məsələsidir:

“Çünki ABŞ hazırda dünyanın aparıcı supergüc ölkələrindən biridir. Bu baxımdan, baş verəcək lider dəyişikliyi istənilən halda digər regionların da taleyinə ciddi təsir edəcək. Donald Trampın seçkilərdə qələbə qazanması və ikinci dəfə ABŞ prezidenti olması ehtimalı yüksəkdir. Nəticə etibarilə o, seçkilər üçün daha hazırlıqlıdır. Seçki marafonunun birinci hissəsində Co Bayden, ikinci hissəsində isə onu əvəzləyən Kamala Harrislə mübarizə aparır. Bu da Trampın rəqibləri ilə müqayisədə daha hazırlıqlı olduğunu göstərir. Əslinə qalsa, Harris seçkilərin yarısından prosesə qoşulub. Yəni onun seçki kampaniyasında ciddi əskikliklər var”.

Siyasi təhlilçi əlavə edib ki, ikinci əsas amil Trampın xarizmatik lider olmasıdır:

“O, ənənəvi Amerika siyasətçilərindən çox fərqlənir. Həm populist, həm də Amerika cəmiyyətinə xas şou tərzi çıxışları ilə daha çox reytinq yığır. Çünki Amerika cəmiyyəti bunu istəyir. Belə atmosferin daha səmimi olduğuna inanırlar. Əlavə olaraq, Tramp milyarderdir. Yəni seçki kampaniyası aparmaq üçün kifayət qədər resurslara sahibdir. Həmçinin sadə vətəndaş obrazı yaratmağı da çox yaxşı bacarır. Sui-qəsd cəhdindən sonra təhlükəli olsa belə, sevənlərinin mitinqlərə qatılması və mənəvi dəstək olaraq qulaqlarına bant vurmaları bunu deməyə əsas verir”.

T. Rzayev əlavə edib ki, burada son olaraq cinsiyyət faktoru da nəzərə alınmalıdır:

“Belə ki, Amerika cəmiyyəti mühafizəkardır. Burada patriarxal qanunlar hökm sürür. Demokratiya və liberalizm öz yerində, ancaq reallıq Amerikada dövlət başında bir kişinin olmasının daha üstün tutulmasından ibarətdir. Bu, cinsiyyətçi yanaşma deyil. Hətta qaradərili Barak Obama belə prezident seçildi, lakin ABŞ hələ ki, qadın prezidentə hazır deyil”.

“Eyni zamanda ABŞ daxilində Bayden hakimiyyətinə qarşı cənub ştatlarında ciddi aqressiya var. Onun miqrantlarla bağlı yanaşmasının, Amerikanın digər regionlarda əməliyyatlar keçirməsinin, itkilər verilməsinin yanlış olduğunu düşünənlər çoxluq təşkil edir. Hansı ki, həmin cəmiyyət xaricə xərclənən maliyyənin daxilə xərclənməsinin tərəfdarıdır. Nəticə olaraq cəmiyyət Trampın ətrafına toplanmağı üstün tutur. Bir sözlə, göstəricilər Tramp və Harrisin reytinqinin bərabər olduğunu göstərsə də, pərdəarxasında Trampın seçilmək şansı daha çoxdur”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

180
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv