“Prezident Tarif Şurasının səhvini düzəltdi”-Ekspert
Vüqar Bayramov: “Tarif Şurası iki gün öncəki qərarı ilə sahibkarın ödəməli olduğu vergini vətəndaşlara transfer etmişdi”
Bu gün prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Tarif Şurasınınb növbədənkənar iclası keçirilib. İclasda neft məhsullarının qiymətinə yenidən baxılmış və tariflərin tənzimlənməsi barədə yeni qərar qəbul edilib. Qərara əsasən,Tarif Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 12 yanvar 2015-ci il tarixli 1 nömrəli Qərarı ləğv edilib.
Ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi şirkətdaxili tariflərin azaldılması hesabına tətbiq edilməklə, əvvəl olduğu kimi “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilmişdir. Həmçinin, maye qazın topdansatış qiyməti 1 ton üçün 300 manatdan 263,6 manata endirilmiş və yol vergisi ilə birlikdə topdansatış qiyməti 1 ton üçün 300 manat müəyyənləşdirilib.
Yenicag.az olaraq, prezidentin Tarif Şurasının qərarını ləğv etməsinə ekspert rəyini öyrəndik.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov prezidentin sözügedən qərarını müsbət qiymətləndirdi: “Tarif Şurasının benzinin qiymətinin qaldırılması ilə bağlı verdiyi qərar parlamentin son iclasında Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlıdır. O zaman Milli Məclis Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edərək, benzinin daxili istehsal və idxal topdansatış qiymətlərinə hər litrə görə 2 qəpiklik vergi tətbiq etdi. Bu o demək idi ki, yerli istehsal zamanı istehsal edən şirkət topdansatış qiymətlərlə satan anda vergi ödəyəcək, idxalçı şirkət isə həmin məhsulu ölkəyə gətirən zaman vergi ödəyəcək. Parlamentin pərakəndə satış qiymətlərinə düzəliş etmək hüququ yoxdur. Tarif Şurası iki gün öncəki qərarı ilə sahibkarın ödəməli olduğu vergini vətəndaşlara transfer etmişdi. Yəni praktik olaraq, sahibkarları yeni vergi ödəməkdən azad etdi, amma əvəzində vətəndaşlar üçün yeni xərc yaratdı. Bu isə yanacaq istehlak edənlər üçün il ərzində 60 milyon manat xərcin yaranması deməkdir. Prezidentin son tapşırığı isə Tarif Şurasının bu səhvinin düzəldilməsinə yönəldi. Ona görə də bu tapşırıq müsbət qiymətləndirilməlidir. İki gün ərzində benzinin qiyməti 2 qəpik artdığından istehlakçı üçün buy müddətdə əlavə olaraq 334 min manatlıq xərc yarandı. Bu baxımdan verilən son qərar vətəndaşlar üçün əlavə xərc yaranması təhlükəsinin aradan qaldırılması ilə onlara sosial baxımdan mənfi təsirlərin olmasını minimumlaşdırdı. Bu addım həm də istehlak bazarında müşahidə oluna biləcək süni qiymət artımlarının da qarşısını aldı. Həmin addım bir mesaj kimi də qiymətləndirilməlidir. Belə ki, neftin dünya bazarındakı qiymətləri aşağı düşdüyü dövrdə Azərbaycanda benzinin qiymətinin artırılması ilə əlaqədar qərar qəbul edilməyəcək”.
Rüfət