“Namizədlərin hər birinin öz yanaşması var və onların əsas məqsədi insanları öz səmimiliklərinə inandırmaqdır”.
Bu fikirləri fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinin təbliğat mərhələsində namizədlərin ilk efir çıxışlarını şərh edən Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı Yenicag.az-a açıqlamasında deyib.
AVP sədri bildirib ki, namizədlər fərqli mövqedən çıxış edərək öz platformalarını seçicilərə aydın izah etməlidirlər:
“Ümumiyyətlə, indiki dövrdə mövcud reallıqları nəzərə alsaq, İlham Əliyevlə rəqabət aparmaq çətin məsələdir. Namizədlərin tezislərinə, açıqlamalarını baxdıqda onların heç də İlham Əliyevin apardığı siyasətdən kənara çıxmadıqlarını müşahidə edirik.
Hər halda, namizədlərin hər birinin öz yanaşması var və onların əsas məqsədi insanları öz səmimiliklərinə inandırmaqdır. Lakin hələlik o məqsədə nail olunduğunu söyləmək çətindir. Ona görə də namizədlər kampaniyanın bu mərhələsinin startında hələ ki reallığa uyğun hazırladıqları “yol xəritəsi”ni təqdim edirlər”.
Nəsimi Ələsgərli
www.yenicag.az