Novruz bayramı ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mərkəzi Aparatının və ərazi hərbi prokurorluqlarının rəhbər vəzifəli şəxsləri Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yüksəkrütbəli zabitləri, hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanlarının rəhbərləri ilə birgə Vətənin müxtəlif bölgələrində, o cümlədən işğaldan azad edilmiş tarixi torpaqlarımızda yerləşən hərbi hissə və bölmələrdə hərbi qulluqçularla görüşüblər.
Hərbi Prokurorluqdan Yenicag.az-a bildirilib ki, görüş iştirakçıları Vətəni və milləti qarşısında misilsiz xidmətləri olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.
Sonra Ulu Öndər Heydər Əliyevin mükəmməl siyasətini dövrün tələblərinə uyğun davam etdirən Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün istiqamətlər üzrə qazandığı uğurlardan, işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla regionlarımızın hərtərəfli inkişafından, Azərbaycanın əzəmətinin daha da artaraq dünya ölkələri sırasında böyük nüfuz və söz sahibinə çevrilməsindən, Silahlı Qüvvələrimizin qüdrətindən bəhs olunaraq, qazanılan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın zəngin fəaliyyətinin də mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub. Eyni zamanda, Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə və lokal xarakterli antiterror tədbirləri xüsusi vurğulanmaqla qürur dolu günlərin unudulmaz təəssüratları xatırlanıb.
Ardınca qonaqlar hüquqi maarifləndirici mövzularda çıxışlar edib, hərbi qulluqçuların suallarını cavablandırıb, onların qayğı və problemləri ilə maraqlanıblar. Həmçinin hərbi hissələrə müxtəlif bayram sovqatları, üzərinə düşən vəzifələri nümunəvi icra etməklə xidmətdə fərqlənənlərə isə qiymətli hədiyyələr təqdim olunub.
Sonda “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar müxtəlif ağaclar əkilib.
www.yenicag.az